Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Amsterdamda “South Stream Transport B.V” (“Qazprom”un törəmə müəssisəsi) “Türk axını” layihəsinin birinci xəttinin dənizin dibi hissəsinin tikintisi ilə bağlı “Allseas Group S.A.” ilə saziş imzalayıb.
“Report” xəbər verir ki, bu barədə “Qazprom” məlumat yayıb.
Sazişə əsasən, “Allseas” dənizin dibində 900 km-dən çox boru çəkməlidir. “Allsas” 2017-ci ilin II yarısında ilk xəttin çəkilişinə başlamaq niyyətindədir.
Qeyd edək ki, bu il oktyabrın 10-da “Türk axını” layihəsi üzrə Rusiya və Türkiyə arasında hökumətlərarası saziş imzalanıb. Layihənin tikinti işləri üzrə opretoru “South Stream Transport” çıxış edir. Sənəddə Qara dənizin dibi ilə iki xəttin tikintisi məsələsi əksini tapıb. Xətlərin hər biri ilə ildə 15,75 mlrd. kubmetr qaz nəqli planlaşdırılır. Boru xəttinin qollarından biri ilə nəql olunan qaz Türkiyə bazarına, digəri ilə nəql olunan qaz isə Avropa ölkələrinə çatdırılacaq. İkinci qolun həyata keçirilməsi Avropanın Rusiya qazına marağından və bu barədə zəmanətindən asılı olacaq.