Bakı. 18 mart. REPORT.AZ/ "Türk axını" layihəsinin həyata keçirilməsinin müddəti Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılması və hökumətlərarası sazişin imzalanmasından sonra dəqiqləşəcək".
"Report" xəbər verir ki, bunu "Qazprom"un idarə heyətinin üzvü Oleq Aksyutin deyib.
Xatırladaq ki, "Qazprom" Avropa tərəfdaşları ilə birlikdə Qara dənizin altından və Bolqarıstandan keçməklə Avropaya açılan və 63 milyard kubmetr gücə malik "Cənub axını" qaz boru kəmərinin inşasını planlaşdırırdı. Ancaq Avropa Komissiyasının mövqeyi səbəbilə Rusiya layihədən imtina etdi və Türkiyə vasitəsilə Avropaya çıxış olan "Türk axını" layihəsini öyrənməyə başladı.
Rusiya qazının Türkiyəyə aşağı qiymətə veriləcəyiylə bağlı razılıq əldə olunduqdan sonra kəmərin inşası məsələsi müzakirə olunmağa başlandı. Amma Türkiyədəki seçkilər və hakimiyyətin dəyişməsiylə danışıqlar dayandırıldı. Sonradan isə Suriya sərhədində Türkiyənin hərbi qüvvələrinin Rusiya təyyarəsini vurması ilə iki ölkə arasındakı münasibətlər daha da çətinləşdi.