Yuxarı

"​Qazprom" Azərbaycana ildə 2 mlrd. kubmetr qaz nəql edəcək - YENİLƏNİB 2

Həmin qaz 2016-cı ildən Dağıstana nəql olunacaq

İlk xəbər saat 12:03-də verilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Rusiyanın "Qazprom" ASC Azərbaycana gündə 10 mln. kubmetr, illik 2 mlrd. kubmetr qaz nəql edəcək. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib. 

R.Abdullayev qeyd edib ki, həmin qaz SOCAR-ın anbarlarına vurularaq saxlanılacaq.

"2016-cı ildən isə həmin qaz Dağıstana nəql olunaraq oranı qazla təmin edəcək. "Qazprom"la müqavilənin 10-15 gün ərzində imzalanması gözlənilir", - SOCAR başçısı əlavə edib.

"Qazprom"un böyük həcmdə artıq qaz ehtiyatları mövcuddur. Biz qərara gəldik ki, danışıqlar aparaq və həmin həcmləri qaz anbarlarımıza vuraq. İranla da artıq həcmləri gətirib anbarlarda yerləşdirilməsi məsələsi müzakirə olunub. Qaz anbarlarına rekord həcmdə - 3,5 mlrd. kubmetr qaz vurulub. Anbarın imkanlarını genişləndirmişik və ilkin mərhələdə pilot layihə kimi anbarın imkanlarını yoxlamaq istəyirik", - SOCAR prezidenti vurğulayıb. 

Bundan başqa, R.Abdullayev qeyd edib ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan səmt qazının alınması azaldılacaq və neft hasilatının artırılması üçün qaz laylara vurulacaq: "Qazprom"la müqaviləyə əsasən, həm anbarlar qazla dolacaq, həm də Dağıstan qazla təmin ediləcək".

Onun sözlərinə görə, qaz anbarlara oktyabrda vurulacaq. Anbarların tutumu 6 mlrd. kubmetrə qədərdir və bu həcm artırıla bilər.

Xatırladaq ki, SOCAR 2010-cu ildən Rusiyanın cənub hissəsini qazla təmin edib, 2014-cü ilin sonu - 2015-ci ilin əvvəlində ölkədə artan tələbatla bağlı Rusiyaya qaz nəqli dayandırılıb.

Qeyd edək ki, Rusiyanın "Qazprom" ASC sentyabrın 20-21-dən Azərbaycan Metanol Zavoduna (AzMeCo) qaz nəqlinə başlayacaq. Sentyabrın 11-də Bakıda AzMeCo ilə "Qazprom eksport" şirkətləri arasında müqavilə imzalanıb. Müqaviləyə görə, "Qazprom" ildə 2 mlrd. kubmetrə qədər təbii qazı AzMeCo-ya satacaq. Bu həcmdə qazla AzMeCo-nun Qaradağda yerləşən metanol zavodunun qaza olan tələbatı 100% təmin ediləcək.

Xatırladaq ki, illik istehsal gücü 720 min ton metanol olan AzMeCo-nun əsası 2007-ci ildə qoyulub və 2013-cü ilin dekabrında zavodda ilkin metanol istehsalına başlanılıb. Bu günə qədər AzMeCo 193 min ton məhsul istehsal edib, o cümlədən, 191 min ton metanol satışı həyata keçirilib. Nəticədə Azərbaycan 17 Avropa ölkəsi, İsrail və Türkiyə bazarlarında reallaşdırılan metanol satışı ilə 44,5 mln. manat məbləğində gəlir əldə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi