Bakı. 10 iyul. REPORT.AZ/ Qazaxıstan OPEC və ona üzv olmayan ölkələrin neft hasilatının azaldılması barədə anlaşmadan yumşaq şəkildə ayrılmaq qərarını dəstəkləyib. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Qazaxıstanın energetika naziri Kanat Bozumbayev verib. Nazir bildirib ki, ölkəsi yaxın 1-2 ay ərzində hasilatı artırmağı planlaşdırır.
Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın energetika naziri A.Novak da ölkəsinin adı çəkilən anlaşmadan yumşaq şəkildə ayrılması fikrini açıqlayıb. Rusiyalı nazir iyulun 24-də Sankt-Peterburqda keçiriləcək OPEC ölkələri Nazirlər Komitəsinin iclasında bu məsələnin müzakirə ediləcəyini bildirib.