Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-iyun aylarında əhali abonentlərinin illik güzəştli limitdən istifadəsinə dair statistik göstəriciləri açıqlayıb.
"Report" xəbər verir ki, iyulun 1-nə qeydiyyatda olan 2 284 980 abunəçinin cəmi 6,96%-i illik hər kubu 10 qəpikdən satılan 2 200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə cəmi 158 949 abonent deməkdir. Onlar hər kubmetrə görə 20 qəpik ödəyiblər. Qalan 2 126 031 (93,04 %) abunəçi isə qazdan illik limit daxilində, yəni hər kubmetrinə 10 qəpik ödəməklə istifadə edib.
Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı bir neçə aydır ki, xüsusi karantin rejimi tətbiq edilib. Bu müddət ərzində karantin dövrünün qaydalarına əməl etməklə əksər qaz istehlakçıları evdə olub. Bəzi hallarda (mart və aprel ayları) havaların soyuq keçdiyi günlərdə qazdan istifadənin artmasına baxmayaraq, 2 200 kubmetrlik güzəştli limit həcminin keçilməsi çox müşahidə edilməyib.
Qeyd edək ki, ölkə Prezidentinin tapşırığına əsasən, Tarif (qiymət) Şurasının 30 aprel 2019-cu il tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə (hər kubmetrə görə 10 qəpik) illik istehlak həcmi 1 700 kubmetrdən 2 200 kubmetrədək artırılıb. Bu güzəştdən (aşağı tariflə qaz istehlakından) 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanmaqdadır. Bu qərardan sonra təbii qazı aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-ə qədər artıb.