"Qarabağ" yatağı üçün üst tikililərin dizaynı hazırlanır

"Qarabağ" yatağı üçün üst tikililərin dizaynı hazırlanır Bunu bu gün Bakı Dərin Özüllər Zavodunda keçirilən tədbirdə "Qarabağ" əməliyyat şirkətinin direktoru Tahir Dadaşov bildirib.
Energetika
11 Avqust , 2020 11:14
Qarabağ yatağı üçün üst tikililərin dizaynı hazırlanır

Hazırda Xəzərin Azərbaycan sektorunda yerləşən "Qarabağ" yatağının üst modullarının dizayn-mühəndislik işləri yerinə yetirilir.

"Report" xəbər verir ki, bunu bu gün Bakı Dərin Özüllər Zavodunda keçirilən tədbirdə "Qarabağ" əməliyyat şirkətinin direktoru Tahir Dadaşov bildirib.

O qeyd edib ki, bu işləri “Wood” şirkəti yerinə yetirir: "İşlər yekunlaşdıqdan sonra tikinti işlərinə başlanılacaq".

O qeyd edib ki, "Qarabağ" yatağı üçün hazırlanan dayaq blokunun üst hissəsinin dizayn işlərinin ilk mərhələsinin noyabr ayında yekunlaşması planlaşdırılır: "Əvvəl Dizayn Konsepsiyası hazırlanmışdı. İndi həmin konsepsiyanın optimallaşdırılması işləri həyata keçirillir. Konsepsiya ikinci dəfə hazırlandığından Pre-FEED səviyyəsində yerinə yetirilir".

Onun sözlərinə görə, layihənin FEED  (Front End Engineering Design - ilkin detallı qiymətləndirmə) mərhələsi 6-10 ay müddətini əhatə edəcək: "Üst hissə ayrı-ayrı modullardan ibarət olduğuna görə, detallı mühəndisliyi bitən hissənin tikintisinə başlanılacaq, yəni detallı mühəndisliklə tikinti işləri paralel olaraq yerinə yetiriləcək. Ümumilikdə detallı mühəndislik işləri 1 il davam edəcək".

Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

“Qarabağ” dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq.

“Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və “Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. “Qarabağ” yatağı 60 milyon ton neft ehtiyatına malikdir. Yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılması nəzərdə tutulur. “Qarabağ” yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir.

Son xəbərlər

Orphus sistemi