Yuxarı
    Bağlamaq

    PSA podratçıları Azərbaycanın neft-qaz sektoruna 76 mlrd. dollar sərmayə yatırıb

    “Şahdəniz” layihəsinə iştirakçıların yatırdıqları sərmayələrin ümumi həcmi isə 26 mlrd. dollara çatıb

    Bakı. 21 sentyabr. REPORT.AZ/ 1995-ci ildən 2017-ci ilin I yarısının sonuna qədər Hasilatın Pay Bölgüsü Sazişlərinin (PSA) podratçıları tərəfindən Azərbaycanın neft-qaz sektoruna ümumilikdə təxminən 75,7 mlrd. ABŞ dolları məbləğində sərmayə qoyulub.

    "Report" xəbər verir ki, bu, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin "İki sahil" qəzetinin Neftçilər gününə həsr olunan xüsusi buraxılışındakı məqaləsində qeyd olunub.

    Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənməsi layihəsinin iştirakçılarının bu ilin II rübünün sonuna ölkənin neft-qaz sektoruna yatırdıqları ümumi sərmayə təxminən 42,8 mlrd. dollar təşkil edib.

    V.Əliyev qeyd edib ki, “Şahdəniz” layihəsinə iştirakçıların hesabat dövrünə yatırdıqları sərmayələrin ümumi həcmi təxminən 25,9 mlrd. dollar olub: “SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 23 şirkətlə imzalanmış 17 PSA sazişlərinin iştirakçı tərəfləridir”.

    Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. "AÇG" layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

    "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Layihədə BP (operator - 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi