Yuxarı
    Bağlamaq

    Proqnoz: Neftin qiyməti 10 dollar /barelə düşə bilər

    Benzin və dizellə işləyən avtomobillərin istismarına məhdudiyyətlər qoyulacaq

    Bakı. 21 dekabr. REPORT.AZ/ 2025-ci ildən sonra tələbin azalması fonunda neftin qiymətinin kəskin şəkildə düşəcəyi ehtimal edilir. 

    "Report"un "RBK" saytına istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Fransanın "Engie" energetika şirkətinin vitse-prezidenti Tyeri Leperk (Thierry Lepercq) "Bloomberg" agentliyinə verib. O bildirib ki, buna səbəb alternativ energetika sahəsində inanılmaz inkişaf ola bilər.

    T.Leperkin sözlərinə görə, yaxın illərdə dünya 5 "energetik tsunami" ilə qarşılaşa və nəticədə neftin qiyməti 10 dollar/barelə kimi geriləyə bilər. "Engie" şirkətində innovativ texnologiyalar sahəsinə başçılıq edən Leperk, illər keçdikcə günəş enerjisi və hidrogenin qiymətinin azalması və akkumulyatorların ucuzlaşması ilə elektromobillər və "ağıllı ev"lərin sayının artması dünya neft qiymətlərinə təzyiqləri artıracağını qeyd edib. O həmçinin bildirib ki, hətta 2025-ci ilə qədər neftə tələb artsa da, daha sonra onun qiyməti 10 dollar/barelə düşəcək.

    Ekspert əlavə edib ki, zaman keçdikcə elektromobillərin yeni modelləri istehsal olunacaq və onlar bir dəfəyə 500 km məsafə qət edəcək. Nəticədə, şəhər hakimiyyətləri benzin və dizel yanacağı ilə çalışan avtomobillərə məhdudiyyət tətbiq edəcək.

    "Engie"nin top-meneceri həmçinin 2025-ci ilə kimi 1 MVt/saat günəş enerjisinin qiymətinin günəşli ölkələrdə 10 dollara düşə biləcəyini vurğulayıb. Nəticədə, hidrogen istehsalının maya dəyəri maye qazın maya dəyərindən baha olmayacaq.

    T.Leperk "Engie" şirkətinin 2018-ci ilə qədər texnologiyaların inkişafına 1,5 mlrd. avro vəsait ayırdığını xatırladıb. Yaxın aylarda o, şirkətinin bu sahədə yeni layihələri barədə açıqlamalar verəcəyini deyib. Qeyd edək ki, bir müddət əvvəl "Renaissance Capital" investisiya bankının baş iqtisadçısı neft qiymətlərinin düşməsi fonunda Rusiya, İran və Venesuela kimi ölkələrdə siyasi rejimlərin demokratikləşəcəyini proqnozlaşdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi