Yuxarı

Azərbaycan Prezidenti: “Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir”

Bakı. 20 fevral. REPORT.AZ/ “Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir”.

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında söyləyib.

Dövlət başçısı bildirib ki, enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir: “Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik - yəni istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir. Çünki biz bir-birimizin ehtiyac və narahatlıqlarını anlamağa çalışırıq. Çalışmışıq ki, bir-birimizi dəstəkləyək, zənnimcə, bu işdə uğurlu olmuşuq və belə toplantıların əhəmiyyəti olduqca böyükdür. Çünki biz il ərzində görülən işləri nəzərdən keçirir, eyni zamanda gələcək addımlarımızı planlaşdırır və işimizin irəlilədilməsi məqsədilə il ərzində isə ikitərəfli və çoxtərəfli görüşlər, məsləhətləşmələr və konfranslar keçiririk. Bir daha qeyd edirəm ki, Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Çünki o həmçinin nəqliyyat marşrutlarını və mənbələri şaxələndirir. Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir və təbii ki, yeni kəmərlər inşa etməklə biz enerji marşrutlarını şaxələndiririk. Yəni bu, tam şaxələndirmədir, əslində, bu, Avropanın enerji xəritəsini dəyişdirir və beləliklə, Cənub Qaz Dəhlizinin əhəmiyyəti artır”.

İlham Əliyev bildirib ki, bu gün toplantının formatı onu nümayiş etdirir ki, biz çox geniş beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik: “Maliyyə qurumları, şirkətlər və ölkələrin bir amalı var. Biz bu layihənin reallaşdırılmasına inanırıq və hesab edirik ki, hər birimiz üçün bu, uzunmüddətli uğur hekayəsi olacaqdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi