Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
"Report" xəbər verir ki, İlham Əliyev Azərbaycan ilə “Lukoil” şirkəti arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bildirib ki, şirkətin Azərbaycandakı fəaliyyəti yaxşı tarixə malikdir.
Dövlət başçısı “Lukoil” şirkətinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakını yüksək qiymətləndirib.
Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirib, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Söhbət zamanı “Şahdəniz” layihəsi ilə bağlı həyata keçirilən tədbirlər, “Lukoil” tərəfindən Xəzərin Rusiya sektorunda hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəqli, həmçinin dünyada neftin qiymətinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Prezident İlham Əliyev, həmçinin yanvarın 18-də Davosda "Statoil" şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə də görüşüb.
“Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını məmnunluqla xatırlayaraq, bu mötəbər tədbirin uğurla keçirildiyini bildirib. Eldar Saetre Azərbaycanın Avropa Oyunlarını keçirməklə bu yarışların standartlarını müəyyənləşdirdiyini vurğulayıb.
İlham Əliyev Azərbaycan ilə “Statoil” şirkəti arasındakı əməkdaşlığın böyük tarixi olduğunu deyib, əlaqələrimizin uğurlu və davamlı xarakter daşıdığını bildirdi. Şirkətin fəaliyyətinin ikitərəfli əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb.
Söhbət zamanı “Azəri-Çıraq-Günəşli”, o cümlədən “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu” və “Aypara” yataqları, həmçinin “Statoil” ilə SOCAR arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.



