Prezident İlham Əliyev: "Bundan sonra da neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək"

Prezident İlham Əliyev: "Bundan sonra da neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək" Bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək.
Energetika
20 Sentyabr , 2019 21:19
Prezident İlham Əliyev: Bundan sonra da neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək

"Bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə deyib.

"Biz əlbəttə ki, bu gün iqtisadi sahədə şaxələndirmə yolunu seçmişik. Yəni, neftdən asılılığı aşağı salmağa çalışırıq, qeyri-neft sektorunu inkişaf etdiririk. Ancaq bilməliyik ki, bu gün və sabah ölkəmizin aparıcı sektoru neft-qaz sektorudur. Bu gün və sabah ölkəmizin uğurlu inkişafı üçün bizim qəhrəman neftçilərimizin əməyi əvəzolunmazdır. Məhz bizim neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər. Ona görə neft-qaz sektorunun bundan sonra da uğurla inkişafı prioritet məsələlərdən biridir. Mən yenə də bunu ona görə deyirəm ki, biz iqtisadi inkişafla bağlı apardığımız siyasəti təbii olaraq qeyri-neft sektoru üzərində qururuq. Ancaq bilməliyik ki, əgər neft sektoru inkişaf etməsə, bizim qeyri-neft sektorumuz bu gün ölkəmizin tələbatını ödəyə bilməz. “Əsrin kontraktı”nın imzalanmasından sonra xarici şirkətlər anladılar ki, Azərbaycana sərmayə qoymaq olar və sərmayə qoymaq lazımdır. Yaxşı xatırlayıram, bir çox xarici şirkət Azərbaycana üz tutub, təkliflərini irəli sürüb və bizimlə əməkdaşlıq etmək haqqında öz niyyətini ifadə etmişdir. Beləliklə, “Əsrin kontraktı”ndan sonra onlarla kontrakt, 40-a yaxın pay bölgüsü sazişi imzalandı. Düzdür, onların bir hissəsinə xitam verildi. Çünki orada kəşfiyyat işlərində lazımi həcmdə neft-qaz resursları tapılmadı. Ancaq digər layihələr bu gün qüvvədədir və bizim qüdrətimizi daha da artırır. Xüsusilə, “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsini qeyd etmək istərdim. “Şahdəniz” üzrə kontrakt “Əsrin kontraktı”ndan iki il sonra – 1996-cı ildə imzalandı. O vaxt dünya enerji aləmində qaz yataqları o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Bu gün təbii qaz enerji təhlükəsizliyi üçün həlledici məsələdir. Ancaq o vaxt belə deyildi. Ona görə “Şahdəniz” üzrə kontraktın imzalanması da tarixi hadisədir. Bu gün “Şahdəniz” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. “Şahdəniz” qaz-kondensat yatağı dünyanın ən böyük yataqlarından biridir. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları eyni əhəmiyyətə malikdir. Ondan sonra neft-qaz kəmərləri inşa edilməyə başlanmışdır. Bakı-Novorossiysk kəməri yenidən quruldu. Bakı-Supsa kəməri 1999-cu ildə işə salındı. Bakı-Tbilisi-Ceyhan, - hansı ki, ulu öndər Heydər Əliyev özü şəxsən bu kəmərin təməlini qoymuşdu, - 2006-cı ildə biz tərəfdən uğurla başa çatdırıldı. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi və Azərbaycan öz təbii qazını ixrac etməyə başladı. 2012-ci ildə Azərbaycan və Türkiyə arasında TANAP qaz kəməri üzrə saziş imzalanmışdır. “Şahdəniz” yatağının tam miqyasda işlənilməsi üçün bu hadisənin xüsusi yeri vardır. Keçən il biz böyük təntənə ilə həm TANAP-ı, həm Cənub Qaz Dəhlizini rəsmi şəkildə açdıq və bu gün TANAP uğurla fəaliyyət göstərir. Bütün bunlar bizim tariximizdir. Əlbəttə, bu gün bu məclisdə bir çıxışda neft-qaz sənayesi sahəsində görülmüş bütün işləri sadalamaq qeyri-mümkündür. Buna bəlkə də saatlar, günlər lazımdır. Qazma qurğularının Azərbaycanda tikintisi, on minlərlə Azərbaycan vətəndaşının işlə təmin edilməsi, ölkəmizə gələn gəlirlərdən düzgün istiqamətdə istifadə edilməsi, yəni, bütün bunlar bugünkü reallıqlardır", - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycanın uğurlu inkişafı timsalında biz məhz o illərdə atılmış addımların təzahürünü görürük: "Görürük ki, ulu öndər Heydər Əliyevin bütün başqa xidmətləri ilə bərabər, bu sahədə xalq qarşısında, dövlət qarşısında göstərdiyi xidmətlər ən yüksək qiymətə layiqdir. Biz - onun davamçıları bu sahədə öz işlərimizi davam etdiririk. Bu gün yeni kontraktlar imzalanır, Azərbaycanın neft-qaz sənayesinə böyük maraq var. Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib. Mən fürsətdən istifadə edərək, bizim strateji tərəfdaşımızın – BP şirkətinin fəaliyyətini qeyd etmək istərdim. Bizim əsas strateji layihələrimizdə BP əsas tərəfdaşımızdır. Həm “Azəri-Çıraq-Günəşli” yatağının, həm “Şahdəniz” yatağının işlənilməsində, TANAP-da və yeni imzalanmış digər kontraktlar əsasında bizim əməkdaşlığımız uzunmüddətlidir, artıq 25 il tarixi var. Bu əməkdaşlıq bundan sonra ən azı 25-30 il davam edəcəkdir. Bir məsələni də qeyd etmək istəyirəm. “Əsrin kontraktı”nın ölkəmiz üçün, xalqımız üçün çoxşaxəli faydası var. Ancaq onlardan biri də kadr hazırlığıdır. Xatırlayıram, 1994-cü ildə kontraktın üzərində iş aparılarkən xüsusi qeyd edirdik ki, biz istəyirik kontraktda Azərbaycan vətəndaşlarının işə cəlb olunması məsələsi göstərilsin. Biz istəyirdik ki, bu, bir öhdəlik kimi konsorsiumun şirkətləri üzərinə qoyulsun ki, Azərbaycan mütəxəssisləri tədricən bütün əsas vəzifələrdə işləsinlər və belə də oldu. Əlbəttə ki, birinci illərdə xarici mütəxəssislər çoxluq təşkil edirdi. Ancaq xarici şirkətlər və Azərbaycan tərəfindən aparılmış təlim kursları çox güclü kadr potensialı yaratdı. Mənə verilən məlumata görə, bu gün bu təlimlərdən keçmiş mütəxəssislər BP şirkətinin nəinki Azərbaycanda, bir çox ölkələrdə önəmli layihələrində iştirak edirlər, önəmli vəzifələrdə çalışırlar. Bu gün “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır, yəni, bunu biz təmin etdik. Bu, çox böyük sərvətdir. Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir. Bu təlimlərdən keçmiş Azərbaycan vətəndaşları, mütəxəssisləri bu gün çox böyük işlər görürlər, ölkəmizin inkişafına böyük töhfə verirlər. Neftdən əldə edilmiş gəlirlər ölkə iqtisadiyyatının inkişafında istifadə olundu. Biz bunu o istiqamətə yönəltdik. İnfrastruktur tamamilə yeniləndi. Yadınıza salın, 1994-cü ildə bizim infrastrukturumuz nə vəziyyətdə idi, bu gün nə vəziyyətdədir. O vaxt hətta Bakı şəhərinin yarısı təbii qaz ala bilmirdi. Rayonlarda ümumiyyətlə bundan söhbət gedə bilməzdi. Bu gün Azərbaycanda qazlaşdırma 96 faizdir. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkmişik və bu proses davam etdirilir. Mən Dövlət Neft Şirkətinə tapşırıq vermişəm ki, bu işlər dayanmasın. Düzdür, 96 faiz çox böyük rəqəmdir. Nadir hallarda ölkələrdə bu dərəcədə qazlaşdırma aparılır. Amma biz bunu davam etdirməliyik. O illərdə ölkəmizin yarısı işıqsız qalırdı. Bakı şəhərinin özündə işıq çatışmırdı. Hətta bəzi hallarda saat 12-də televiziya kanalları da fəaliyyətini dayandırırdı ki, vətəndaşlar elektrikdən az istifadə etsinlər. Çünki elektrik çatışmırdı. Artıq 3 min meqavata yaxın yeni generasiya gücləri yaradılıb və biz nəinki özümüzü təmin edirik, ixrac da edirik".

Dövlət başçısı vurğulayıb ki, yollar bərbad vəziyyətdə idi: "Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. İçməli su böyük problem idi. Bu gün əhalinin 75 faizi dayanıqlı içməli su ilə təmin edilir və bu proses davam etdirilir. Məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salındı. Çadır şəhərciklərini biz hələ 2007-ci ildə ləğv etdik. Nəyin hesabına? Neft Fondunun hesabına. Neft Fonduna vəsait haradan gəlir? “Əsrin kontraktı”nın icrasından. Biz yüz minlərlə köçkünə yeni evlər verdik, yeni mənzillər təqdim etdik. Şəhid ailələrinə, müharibə veteranlarına edilən güzəştlər, verilən müavinətlər, mənzillər, minik avtomobilləri. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik. Neft Fondunun gəlirlərindən yalnız büdcə çərçivəsində istifadə etmək mümkündür. Yəni, Azərbaycan vətəndaşları Milli Məclisdə öz təmsilçiləri vasitəsilə bu vəsaitin bölgüsündə iştirak edirlər. Sosial infrastruktur tamamilə yenidən quruldu, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikildi və təmir olundu, idman qurğuları inşa edildi. Azərbaycan kosmik dövlətə çevrildi. Bizim 3 peykimiz var. Biz gəlirlərdən istifadə edərək dövlət borcumuzu aşağı səviyyədə saxlayırıq. Bu, ümumi daxili məhsulun cəmi 19 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Bu, hansı ölkələrdə ola bilər? Var, amma bu ölkələrin sayı o qədər də çox deyil. “Əsrin kontraktı”nın faydasından çox danışmaq olar. Bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin".

Son xəbərlər

Orphus sistemi