Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: “Bu gün Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil olur”

    “SOCAR-BP əməkdaşlığı artıq böyük tarixə malikdir”

    Bakı. 1 sentyabr. REPORT.AZ/ “Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz “Şahdəniz-2” platformasının dayaq blokunu dənizə yola salırıq. Bu əlamətdar hadisə münasibətilə sizi, bütün Azərbaycan xalqını təbrik edirəm. Bu, tarixi hadisədir. “Şahdəniz” layihəsi üzrə saziş 20 il bundan əvvəl imzalanmışdır və bu illər ərzində uğurla icra edilir, bütün vəzifələr yerinə yetirilir. “Şahdəniz-2” layihəsinin ölkəmiz üçün əhəmiyyəti çox böyükdür”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Bakı dərin özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində çıxışında deyib.

    “Bu gün yola saldığımız dayaq bloku onu göstərir ki, Azərbaycan böyük işləri görməyə qadir bir ölkədir. Sevindirici hal ondan ibarətdir ki, bu dayaq bloku və platformanın üst tikililəri 100 faiz Azərbaycanda inşa edilir. Bu nəhəng qurğuların inşasında işləyənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu da “Əsrin kontraktı”nın nəticəsidir. Çünki 1994-cü ildə imzalanmış “Əsrin kontraktı”nın şərtlərindən biri də o idi ki, yerli mütəxəssislər, fəhlələr tədricən üstünlük təşkil etsin və artıq işləyənlərin 80 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. “Şahdəniz” layihəsinin icrasında 20 mindən çox Azərbaycan vətəndaşı işləyir, yaxşı maaş alır, təcrübə toplayır. Bu vətəndaşlar gələcəkdə digər layihələrdə işləyəcəklər. “Şahdəniz-2” layihəsi təkcə Azərbaycan üçün deyil, bütün region, Avropa üçün böyük əhəmiyyət daşıyan bir layihədir. İyirmi il bundan əvvəl saziş imzalanmışdır və bu gün biz bu sazişin gözəl nəticələrini görürük. Artıq neçə ildir ki, Azərbaycan qazı region ölkələrinə ixrac edilir. Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edibdir və digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır. Bu rol getdikcə artacaq”, - dövlət başçısı bildirib.

    O vurğulayıb ki, “Şahdəniz” və “Cənub Qaz Dəhlizi” layihələri dünyanın ən böyük enerji layihələrindəndir. “Cənub Qaz Dəhlizi”nin inşası da uğurla gedir: “Bütün bu işlər əlaqəli şəkildə aparılır. Əminəm ki, cədvəl üzrə gedən işlər 2018-2020-ci illərdə tamamlanacaq və beləliklə, Azərbaycan qazı daha da böyük həcmdə qonşu ölkələrə, Avropa ölkələrinə nəql ediləcəkdir.

    “Cənub Qaz Dəhlizi” artıq 7 ölkəni birləşdirir. Azərbaycan bu istiqamətdə öz liderlik fəaliyyətini davam etdirir. Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iki dəfə iclası keçirilmişdir. Biz yeni bir beynəlxalq əməkdaşlıq formatını yaratdıq. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya bu layihənin iştirakçılarıdır. Bununla bərabər, üç Balkan ölkəsi - Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə növbəti mərhələdə qoşulacaqlar. Beləliklə, Azərbaycan qazının gələcəkdə müxtəlif ölkələrə ixracı üçün yeni imkanlar yaranır. Bunu tərəfdaşlarla birlikdə biz yaradırıq, Azərbaycan xalqı yaradır.

    Mən bu layihələrin icrası ilə bağlı görülən işlərdə SOCAR-ın və BP-nin rolunu xüsusilə qiymətləndirmək istəyirəm. SOCAR-BP əməkdaşlığı artıq böyük tarixə malikdir. İyirmi ildən çoxdur ki, bu əməkdaşlıq davam edir və bu, uğurlu əməkdaşlıqdır. Görülən və görüləcək işlər ən azı növbəti 20 il ərzində də SOCAR-ın və BP-nin yaxın tərəfdaşlar kimi fəaliyyətini təmin edəcək. Azərbaycanda görüləcək işlər həm xarici tərəfdaşlar, xarici kompaniyalar, SOCAR və Azərbaycan xalqı üçün daha da böyük mənfəət gətirəcək.

    Əgər 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin kontraktı” imzalanmasaydı, bu gün təsəvvür etmək mümkün deyil ki, Azərbaycan hansı vəziyyətdə ola bilərdi. Ölkəmizdə görülən quruculuq-abadlıq işlərinin, dayanıqlı iqtisadiyyatımızın, böyük valyuta ehtiyatlarımızın əsas mənbəyi “Əsrin kontraktı”dır. Yaxşı bilirsiniz ki, Azərbaycan o ağır, çətin dövrdə müəyyən təzyiqlərlə də üzləşmişdi. Heydər Əliyevin qətiyyəti, cəsarəti, uzaqgörənliyi, xalqa olan bağlılığı “Əsrin kontraktı”nın imzalanmasını təmin etmişdir. Mən də fəxr edirəm ki, o vaxt - 1994-cü ildə kontraktın imzalanmasına qədər aparılan danışıqlarda iştirak etmişdim. Ondan sonra Dövlət Neft Şirkətində çalışarkən bilavasitə bu məsələlərlə məşğul olmuşam. Bu gün də Prezident kimi bütün işləri nəzarətdə saxlayıram və Azərbaycanın enerji siyasətinin gələcək inkişafı üçün lazımi addımları atıram”.

    İ.Əliyev bildirib ki, bu gün Azərbaycan dünya xəritəsində etibarlı tərəfdaş, hörmətə layiq olan ölkə kimi tanınır: “Biz bütün öhdəlikləri yerinə yetiririk, xarici sərmayədarlar üçün yaxşı şərait yaratmışıq. Onların sərmayələri qanun çərçivəsində qorunur. Əgər bu, olmasaydı, heç kim Azərbaycana milyardlarla, on milyardlarla dollar sərmayə qoymazdı. Sərmayə qoyuluşu üçün Azərbaycan çox cəlbedici ölkədir. Şadam ki, indi nəinki neft-qaz sektoruna, digər sektorlara da yerli, xarici sərmayələr qoyulur. Bütün bu işlərin təməli 1994-cü il sentyabrın 20-də qoyulmuşdur. 1996-cı ildə “Şahdəniz” layihəsi üzrə sazişin imzalanması növbəti uğurlu addım idi. Baxmayaraq ki o vaxt dünyada və xüsusilə Avropada enerji təhlükəsizliyi haqqında heç kim danışmırdı, qaz layihələri o qədər də böyük əhəmiyyət daşımırdı. Hesab olunurdu ki, qaz layihələri o qədər də böyük gəlir gətirən layihələr deyil, müəyyən tərəddüdlər var idi. Ancaq biz əmin idik ki, Azərbaycan qaz sektorunda da öz sözünü deyəcək.

    Bu gün artıq Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil olur. Hasilat, nəqliyyat artacaq, Azərbaycan gələcəkdə tranzit funksiyalarını da oynaya bilər. Necə ki biz indi neftin, neft məhsullarının daşınması üçün bu rolu oynayırıq. Beləliklə, ölkəmizin qüdrəti, əhəmiyyəti artacaq, Azərbaycan xalqı daha da yaxşı yaşayacaq. Görülən bütün bu işlərin məqsədi budur - Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın, ölkəmizin iqtisadi müstəqilliyi daha da möhkəmlənsin və dünyada rolumuz, əhəmiyyətimiz artsın. Biz bütün bunları görürük. Ona görə, bugünkü mərasim çox rəmzi xarakter daşıyır. Bu, görülən işlərin bariz nümunəsidir. Azərbaycan vətəndaşları bu böyük, nəhəng işləri xarici tərəfdaşları, xarici sərmayədarlar ilə birlikdə görürlər. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı bununla fəxr edir. Fürsətdən istifadə edərək, bu işlərdə iştirak etmiş bütün insanlara - Azərbaycan fəhlələrinə, mütəxəssislərinə, xarici tərəfdaşlara, BP şirkətinə və digər partnyorlara minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim ümumi işimizdir və hər bir tərəf - xarici şirkətlər, Azərbaycan dövləti, Azərbaycan şirkətləri, Azərbaycan vətəndaşları öz mənfəətini götürür.

    Mən sizi bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Platformanın üst tikililəri gələn il istismara veriləcək. İnşallah, gələn il növbəti mərasimdə sizinlə görüşəcəyik. Bir daha təbrik edirəm”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi