Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: "Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionun hüdudlarını aşaraq ölkələri və qitələri birləşdirir"

    Dövlət başçısı: Azərbaycanın zəngin neft-qaz resursları və məqsədyönlü siyasəti enerji sahəsində də böyük işlər görülməsinə imkan yaradıb

    Bakı. 21 yanvar. REPORT.AZ/ "Azərbaycanın zəngin neft-qaz resursları və məqsədyönlü siyasəti enerji sahəsində də böyük işlər görülməsinə imkan yaradıb".

    "Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən "Azərbaycan iqtisadiyyatının gələcəyi" adlı məqaləsində qeyd edib.

    Prezident məqaləsində qeyd edib ki, Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionun hüdudlarını aşaraq ölkələri və qitələri birləşdirir: "Enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan “Cənub qaz dəhlizi” layihəsinin icrasına başlanması tarixi hadisədir".

    Prezident bildirib ki, “Cənub qaz dəhlizi” 4 layihədən ibarətdir: "Birincisi, “Şahdəniz-2” fazasının işlənilməsidir. “Şahdəniz” yatağında qaz ehtiyatları bir trilyon kubmetrdən çoxdur. Ümumiyyətlə, Azərbaycanın digər yataqları ilə birlikdə qaz ehtiyatları 2.6 trilyon kubmetr təşkil edir. İkinci layihə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsidir. Üçüncü layihə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsidir. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış bu layihəyə əsasən, qaz kəməri Türkiyə-Gürcüstan sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanacaq. Dördüncü layihə isə Trans-Adriatik boru kəməri (TAP) layihəsidir. Bu layihə əsasında qaz kəməri Yunanıstandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çatacaqdır. Bütün bu dörd layihə “Cənub qaz dəhlizi”ni formalaşdırır. Azərbaycan bu dörd layihədə önəmli səhmdar, TANAP layihəsində isə əsas səhmdardır. “Cənub qaz dəhlizi”nin icrası nəticəsində bir çox ölkələr alternativ qaz mənbəyi kimi Azərbaycan qazına çıxış əldə edəcəkdir. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya “Cənub qaz dəhlizi” layihəsinin iştirakçılarıdır. Eyni zamanda, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə qoşulmaq barədə Azərbaycan tərəfi ilə anlaşma memorandumu imzalamışlar. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli və etibarlı tərəfdaşa çevrilir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi