Prezident: "Cənub" Qaz Dəhlizi"ni "Abşeron" qaz yatağı da qidalandıracaq"

Prezident: "Cənub" Qaz Dəhlizi"ni "Abşeron" qaz yatağı da qidalandıracaq" "​2016-cı ildə enerji təhlükəsizliyi istiqamətində önəmli addımlar atılıb"
Energetika
1 Yanvar , 2017 00:28
Prezident: Cənub Qaz Dəhlizini Abşeron qaz yatağı da qidalandıracaq

Bakı. 1 yanvar. REPORT.AZ/ "2016-cı ildə enerji təhlükəsizliyi istiqamətində önəmli addımlar atılmışdır. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına ünvanladığı təbrik zamanı deyib.

"Bu ilin əvvəlində ölkəmizin təşəbbüsü ilə artıq ikinci dəfə idi ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası Bakıda keçirilmişdir və iştirak edən bütün ölkələr və beynəlxalq təşkilatlar qəbul edilmiş yekun qətnamədə Azərbaycanın liderlik rolunu bir daha vurğulamışlar. “Cənub Qaz Dəhlizi” Azərbaycanın təşəbbüsü və böyük maliyyə dəstəyi ilə icra edilən qlobal, beynəlxalq enerji layihəsidir. Bu, tarixi layihədir. Layihə icra olunandan, bütün işlər başa çatandan sonra Azərbaycan çox böyük mənfəət görəcəkdir. Beləliklə, bu il proqram üzrə bütün işlər yüksək səviyyədə aparılmışdır və əminəm ki, bu nəhəng transmilli layihə vaxtında istifadəyə veriləcəkdir. Eyni zamanda, bu il bizim yeni qaz yataqlarımızdan çıxarılacaq qazın həcmi də müəyyən edilmişdir və beləliklə, “Cənub” Qaz Dəhlizini qidalandıracaq layihələr arasında təkcə “Şahdəniz” layihəsi deyil, eyni zamanda, “Abşeron” qaz yatağı da olacaqdır", - deyə, dövlət başçısı bildirib.

"Hesab edirəm ki, bu il biz nəqliyyat təhlükəsizliyi istiqamətində tarixi addımlar atmışıq. Bildiyiniz kimi, uzun illər davam edən Şərq-Qərb nəqliyyat dəhlizinin icrası artıq başa çatır və Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi istiqamətində Azərbaycan çox önəmli addımlar atmışdır. Demək olar ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan tərəfinə düşən payı üzrə görüləcək işlər artıq görülübdür. Biz qısa müddət ərzində bütün işləri başa çatdırdıq və beləliklə, gələcəkdə əlavə səylər qoyaraq çalışacağıq ki, bu iki önəmli magistral tezliklə işə düşsün", - o, əlavə edib.

Son xəbərlər

Orphus sistemi