Yuxarı

Prezident: "Bizdə qazın qiyməti dünya qiyməti ilə müqayisədə 8-10 dəfə aşağıdır"

Cənubi Qafqaz ölkələrilə müqayisədə isə 5 dəfə aşağıdır

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Bizdə qazın daxildəki qiyməti dünya qiyməti ilə müqayisədə təqribən 8-10 dəfə aşağıdır. Qonşu ölkələrlə, Cənubi Qafqazda yerləşən digər ölkələrlə müqayisədə 5 dəfə aşağıdır".

"Report" xəbər verir ki, bu sözləri Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatması münasibətlə keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident dövlətin sosial layihələrdən gəlir götürmədiyini bildirib:

"İlk növbədə, inkişaf üçün lazım olan infrastruktur layihələrini icra edirik. Şimal zonasında bu layihələrə milyardlarla manat vəsait ayrılıb. Bu layihələrin böyük əksəriyyəti sosial xarakter daşıyır. İçməli su layihəsi sırf sosial məna daşıyan bir layihədir. Bizdə su tarifləri çox aşağı səviyyədədir və oradan gələn gəlirlə qoyulmuş vəsaiti qaytarmaq mümkün deyil. Bəlkə də 50 il lazım olacaq.

Qazlaşdırma da həmçinin. Bizdə qazın daxildəki qiyməti dünya qiyməti ilə müqayisədə təqribən 8-10 dəfə aşağıdır. Qonşu ölkələrlə, Cənubi Qafqazda yerləşən digər ölkələrlə müqayisədə 5 dəfə aşağıdır. Yəni, qazlaşdırma layihələri də sosial xarakter daşıyır.

Kənd yollarının tikintisinə yatırılan vəsait də qayıdan vəsait deyil. O, müəssisəyə yatırılan vəsait deyil".

İlham Əliyev bütün bunların yerli əhali üçün edildiyini diqqətə çatdırıb:

"Bunu nəyə görə edirik? İnsanlar üçün, inkişaf üçün. Əsas vəzifələr bunlardır - regional inkişaf, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması. Son illərdə Qusar rayonunda görülən işlər onu bir daha göstərir ki, biz düzgün yoldayıq. Çünki siz Qusar rayonunun sakinləri bunu hamıdan yaxşı bilirsiniz, əvvəlki vəziyyəti də xatırlayırsınız, bugünkü vəziyyət də göz oxşayır. Qusar inkişaf edən, gözəl, abad rayona çevrilib. Yeni iş yerləri açılır, yeni imkanlar yaranır. Həm sosial layihələrə, həm də infrastruktur layihələrinə dövlət xətti ilə investisiya qoyuluşu davam etdiriləcək. Biz indi özəl sektordan daha böyük fəallıq gözləyirik. Çünki özəl sektorda çalışan həm yerli, həm də başqa ölkələrdən gələn iş adamları gərək daha da fəal işləsinlər. Onlar yaradılan bu şəraitdən maksimum dərəcədə səmərəli istifadə etməlidirlər. Çünki bizdəki şərait deyə bilərəm ki, az ölkələrdə müşahidə olunur. Bizdə olan sabitlik inkişaf üçün, biznes üçün əsas şərtdir. İnfrastruktur layihələri, biznesə dövlət dəstəyi. Bu gün mən Yalamada birinci aqroparkın açılışını etmişəm. Oranın sahəsi 500 hektardan çoxdur. Orada artıq min baş iribuynuzlu mal-qara saxlanılır. Onların sayı üç minə çatacaq. Müasir suvarma texnologiyaları yaradılıb. Orada birinci mərhələdə 150, ikinci mərhələdə 300 nəfər işləyəcək. Dövlət də, özəl sektor da kredit ayırıb".

Dövlət başçısı bildirib ki, Qusar rayonunda da ona oxşar aqrokompleks yaradılmalıdır:

"Çünki burada iqlim şəraiti eynidir. Biz özümüzü ərzaq məhsulları ilə təmin edəcəyik, ixrac da edəcəyik. İndi qarşımızda bu iki əsas vəzifə dayanır. Yerli icra orqanları da çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Çünki həm Azərbaycanda kifayət qədər böyük firmalar var ki, vəsait qoymağa hazırdırlar, həm də xaricdən gətirməliyik. Biz bu istiqamətdə daha da fəal olmalıyıq. Ona görə ki, gələcək bu inkişafdan asılıdır. Sahibkarlıq, kənd təsərrüfatı, sənaye potensialı, turizm imkanları həm valyuta gətirən, həm də məşğuluq üçün çox önəmli sahələrdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi