​Prezident: "Azərbaycanın enerji siyasəti Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir"

​Prezident: "Azərbaycanın enerji siyasəti Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir" "Bu gün “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsidir"
Energetika
6 Mart , 2016 19:47
​Prezident: Azərbaycanın enerji siyasəti Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir

Bakı. 6 mart. REPORT.AZ/ "Azərbaycanın enerji siyasəti bu gün Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir".

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev martın 6-da Bakıda Macarıstanın baş naziri Viktor Orban ilə birgə mətbuat konfransı zamanı bildirib.

"Ötən ayın sonunda Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısı keçirilib. Həmin toplantı nəticəsində qəbul edilmiş Bəyannamə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və “Cənub” qaz dəhlizinin icrasında aparıcı rolunu qeyd edir. Bizim zəngin neft-qaz yataqlarımız var. Bu gün “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsidir. 3500 kilometr uzunluğunda tikiləcək bu kəmər gələcəkdə Avropanı Azərbaycan ilə daha da sıx birləşdirəcək", - deyə İlham Əliyev diqqətə çatdırıb.

Prezident Macarıstanla siyasi əlaqələrin çox yüksək səviyyədə olduğunu bildirib:

"2014-cü ilin sonunda mən Macarıstana səfər edərkən biz sizinlə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışıq. Bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, bizim əlaqələrimiz strateji xarakter daşıyır. Bizim görüşlərimiz də müntəzəm olaraq keçirilir. Siyasi əlaqələrin yüksək səviyyədə olması bütün başqa sahələrə də müsbət təsir göstərir. Biz beynəlxalq təşkilatlarda uğurla fəaliyyət göstəririk. Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində çox müsbət və fəal rol oynayır. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir və əminəm ki, gələcəkdə Macarıstan bu əlaqələrin inkişafını daim dəstəkləyəcək".

O qeyd edib ki, "bu gün biz bir çox məsələlər haqqında fikir mübadiləsi apardıq - siyasi əlaqələr, iqtisadi sahədə əməkdaşlıq. Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bir çox məsələlər Komissiya çərçivəsində öz həllini tapır. Biz gözəl siyasi əlaqələrimizin əsasında güclü iqtisadi əməkdaşlıq da qurmalıyıq. Mən şadam ki, keçən il Macarıstanın Azərbaycana ixracı artıb. Bu, gözəl göstəricidir. Bu gün biz bir çox konkret layihələr ətrafında fikir mübadiləsi apardıq. Energetika sahəsində çox gözəl əməkdaşlıq var. SOCAR ilə MOL şirkəti arasında əməkdaşlığın artıq yaxşı tarixi var və bu əməkdaşlıq yeni pilləyə qalxmalıdır. Biz bu gün bu barədə danışmışıq".

"Bu gün biz digər istiqamətlər üzrə də geniş danışdıq. Dünən də Komissiyanın üzvləri fikir mübadiləsi aparıblar. Kənd təsərrüfatı sahəsində çox gözəl imkanlar var. Konkret tapşırıqlar verilib ki, bu sahədə əməkdaşlıq daha da fəal olsun. Macarıstanın təcrübəsi bizim üçün çox maraqlıdır. Macarıstanda kənd təsərrüfatı çox inkişaf edib. Bizim üçün də bu sahə bu gün əsas prioritetlərdən biridir və hesab edirəm ki, burada əməkdaşlıq üçün çox gözəl imkanlar var", - deyə dövlət başçısı söyləyib.

Nəqliyyat sahəsində əməkdaşlıqla bağlı fikir bildirən prezident, Azərbaycanın hazırda Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üzərində işlədiyini qeyd edib:

"Artıq Çindən Azərbaycan ərazisindən Avropaya birinci sınaq konteyner qatarı keçib. Bu dəhlizin gələcək fəaliyyəti həm ölkələrimizi birləşdirəcək, həm də nəqliyyat təhlükəsizliyini təmin edəcək. Turizmdə gözəl imkanlar var. Biz təhsil sahəsində uğurla əməkdaşlıq edirik və minnətdarıq ki, Macarıstan hökuməti bizim tələbələrə xüsusi təqaüd də təsis edib. Təhsil sahəsində əməkdaşlıq o deməkdir ki, gələcəkdə bizim insanlar da bir-biri ilə sıx əlaqədə olacaqlar".

İlham Əliyev bu gün bir çox konkret layihələrin müzakirə edildiyini deyib:

"Ümumi yekun ondan ibarətdir ki, Macarıstan və Azərbaycan öz strateji tərəfdaşlığını bu gün bir daha təsdiqləyir. Dünən hökumətlərarası əlaqələrə dair imzalanan sənədlər, bu gün biznes forum çərçivəsində imzalanmış konkret layihələr bizi bir-birimizə daha da yaxın edəcəkdir. Biz bunu istəyirik. Macarıstan bizim üçün yaxın, dost ölkədir. Bizim cənab Baş nazirlə şəxsi münasibətlərimiz də dostluq münasibətləridir. Cənab Baş nazirin fəaliyyəti Azərbaycanda böyük hörmət və rəğbətlə qarşılanır".

Son xəbərlər

Orphus sistemi