"Petlim" limanında son görülən işlər - VİDEO

"Petlim" limanında son görülən işlər - VİDEO Bu liman Türkiyənin ən yüksək aydınlatma dirəklərinə sahib və ən işıqlı konteyner terminalı olacaq
Energetika
6 Oktyabr , 2015 17:08
Petlim limanında son görülən işlər - VİDEO

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi olan "SOCAR Turkey" şirkətinin İzmirin Əliağa bölgəsindəki "Petkim" yarımadasında inşa etdiyi "Petlim" konteyner limanının ilk fazası tamamlanmaq üzrədir.

"Report" xəbər verir ki, ümumilikdə 55 hektarlıq sahəyə sahib liman Egey dənizinin ən böyük konteyner limanı olacaq.

Türkiyənin isə üçüncü ən böyük limanı olacaq "Petlim" limanının ilk fazasının bu ayın sonuna tamamlanması gözlənilir.

"SOCAR Turkey" şirkətindən qeyd olunan məlumata görə, "Petlim" konteyner limanının 2016-cı ilin yanvar ayından gəmiləri qəbul edəcəyi planlaşdırılır.

Layihənin 2-ci fazasına dair inşaat işləri isə 2016-cı ildə yekunlaşdırılaraq hazır vəziyyətə gətiriləcək. Liman tam fəaliyyətə keçdiyi zaman iş ilə təmin olunmuş şəxslərin ümumi sayı 700 nəfər təşkil edəcək.

Bu limana 11 min ədəddən çox konteyner daşıyan dünyanın ən böyük konteyner gəmiləri yanaşa biləcək. Bunun üçün dənizin dərinliyi 16 metrə çatdırılıb və 700 metr uzunluğunda liman sahil xətti inşa edilib. İlkin götürmə gücü 1.5 milyon konteyner olub, bu göstərici 2.5 milyon konteynerə qədər çıxa biləcək. Limanın 10 milyon ton quru yük götürmə qabiliyyəti olacaq. İnşaat şərtnamələri Türkiyədə inşa edilən limanları 50% üstələməkdədir.

"Petlim" limanı Türkiyədə yerləşən konteyner terminallarında hazırda mövcud olmayan avtomatlaşdırma şəbəkəsi ilə istismar ediləcək. Eyni zamanda, Türkiyənin ən yüksək aydınlatma dirəklərinə sahib (50 m) və ən işıqlı konteyner terminalı olacaq (50 lux - 100 lux səviyyəsində aydınlatma).

"Petlim" limanı dünya miqyasında nüvə stansiyalarının sahib olduğu zəlzələyə dayanıqlılıq standartlarına uyğun şəkildə inşa edilib. Terminalı qorumaq və əməliyyatların qüsursuz davam etməsini təmin etmək məqsədilə 310 m uzunluğunda yeni bir dalğa qıran tikilib. Ümumi yüktəyinatlı mövcud gəmi yanaşma körpüsü gücləndirilərək 10 ton/m2-lik yüklərə uyğun şəkildə hazırlanıb və layihəyə bir dəyər olaraq qazandırılıb.

"Petlim" keyfiyyət standartları baxımından Türkiyənin və dünyanın ən keyfiyyətli və ən yüksək standartlara sahib limanı olacaq. Limanın quru və dəmir yollarına bir başa qoşulma imkanı var.

Bu liman 2023-cü ildə Türkiyənin 500 mlrd. dollar ixrac və 1 trilyon dollar xarici ticarət hədəfinə çatması yolunda çox önəmli rol oyanacaq və Türkiyənin dünyaya açılan yeni qapısı olacaq.

Qeyd edək ki, liman hələ layihə mərhələsində olarkən konteyner terminalı idarəçiliyində dünyanın ən uğurlu və ən böyük qrupu olan "Maersk"in “APM Terminals” şirkəti tərəfindən layihə tamamlandıqdan sonra 30 il müddətində istismar edilməsi üçün müqavilə imzalanıb. Gəlir ortaqlığı razılaşmasına əsasən, "Petkim" də əldə edilən gəlirlərdən pay alacaq.

"Petlim" layihəsinin investisiya dəyəri rəqabətcil bazar şərtlərində ən uyğun rəqəmlərlə hazırlanıb. Liman hələ inşaat mərhələsindəykən dünyanın nəhəng investisiya banklarından biri olan ABŞ mərkəzli “Goldman Sachs International” layihənin dəyərini 1 mlrd. ABŞ dolları olaraq müəyyənləşdirib və 30%-nə 300 mln. dollar ödəyərək “Petlim”ə ortaq olub. "Petlim" limanının inşaat xərci təxminən 240 mln. ABŞ dolları təşkil etməkdədir.

"Report" limanda görülən son işlərlə bağlı videoreportajı təqdim edir.

Son xəbərlər

Orphus sistemi