Yuxarı

"Petlim" layihəsinin I fazası tamamlanıb

Liman 1-2 ay ərzində idarəçiliyi həyata keçirəcək şirkətə təslim ediləcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi olan "SOCAR Turkey" şirkətinin İzmirin Əliağa bölgəsindəki "Petkim" yarımadasında inşa etdiyi "Petlim" konteyner limanının I fazası tamamlanıb.

"Report" xəbər verir ki, bunu "SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz CNBC telekanalında yayımlanan "Finans Cafe" verilişində bildirib.

O qeyd edib ki, qarşıdakı bir-iki ay ərzində idarəçiliyi həyata keçirəcək şirkətə təslim işləri baş tutacaq.

K.Yavuz xatırladıb ki, limanın rəsmi açılış mərasimi gələn ilin yaz aylarında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, liman hələ layihə mərhələsində olarkən konteyner terminalı idarəçiliyində dünyanın ən uğurlu və ən böyük qrupu olan "Maersk"in “APM Terminals” şirkəti tərəfindən layihə tamamlandıqdan sonra 30 il müddətində istismar edilməsi üçün müqavilə imzalanıb. Gəlir ortaqlığı razılaşmasına əsasən, "Petkim" də əldə edilən gəlirlərdən pay alacaq.

Liman inşaat mərhələsindəykən dünyanın nəhəng investisiya banklarından biri olan “Goldman Sachs International” layihənin dəyərini 1 mlrd. ABŞ dolları olaraq müəyyənləşdirib və 30%-nə 300 mln. dollar ödəyərək “Petlim”ə ortaq olub. "Petlim" limanının inşaat xərci təxminən 240 mln. dollar təşkil edir.

Ümumilikdə, 55 hektarlıq sahəyə sahib olan bu liman Egey dənizinin ən böyük konteyner limanı olacaq.

Layihənin 2-ci fazasına dair inşaat işləri isə 2016-cı ildə yekunlaşdırılaraq hazır vəziyyətə gətiriləcək.

Bu limana 11 min ədəddən çox konteyner daşıyan dünyanın ən böyük konteyner gəmiləri yanaşa biləcək. Bunun üçün dənizin dərinliyi 16 metrə çatdırılıb və 700 metr uzunluğunda liman sahil xətti inşa edilib. İlkin götürmə gücü 1,5 mln. konteyner olub, bu göstərici 2,5 mln. konteynerə qədər çıxa biləcək. Limanın 10 mln. ton quru yük götürmə qabiliyyəti olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi