"Petlim" 2020-ci ildən sonra tam gücü ilə işləyəcək - YENİLƏNİB

"Petlim" 2020-ci ildən sonra tam gücü ilə işləyəcək - YENİLƏNİB Layihənin II fazasının bu ilin son rübündə tamamlanması planlaşdırılır
Energetika
8 Sentyabr , 2016 15:19
Petlim 2020-ci ildən sonra tam gücü ilə işləyəcək - YENİLƏNİB

İzmir. 8 sentyabr. REPORT.AZ/ "Petlim" 2020-ci ildən sonra tam gücü ilə işləməyə başlayacaq. "Report"xəbər verir ki, bu barədə İzmirdə səfərdə olan Azərbaycan jurnalistləri ilə görüşündə "Petlim" konteyner limanı layihəsinin baş direktoru Doğan Çıraqoğlu bildirib. 

Onun sözlərinə görə, 2019-cu ildə terminalın gücü 500-600 min TEU olacağı təxmin edilir: "2020-ci illərdə isə limanın layihədə nəzərdə tutulan gücdə - illik 1,5 mln.TEU gücü ilə işləyəcəyi gözlənilir". 

Layihə çərçivəsində görülən işlərdən də danışan baş direktor I fazanın 2015-ci ildə tamamlandığını, "Maersk" qrupunun "APM Terminals" şirkətinin idarəçiliyinə təhvil verildiyini xatırladıb: "Böyük ehtimalla "APM Terminals" sentyabrın sonu-oktyabrın əvvəlində ticarət fəaliyyətinə başlayacaq". O qeyd edib ki, hazırda II fazanın inşası üzrə işin 60%-i tamamlanıb. D.Çıraqoğlu II fazanın 2016-cı ilin son rübündə tamamlanaraq, 2017-ci ilin II rübündə fəaliyyətə başlaması planlaşdırıldığını bildirib.

***

"Ümumi layihə üzrə işlərin böyük hissəsi I faza çərçivəsində görülüb. İlk fazanın həyata keçirilməsi ümumi işlərin 70%-nin görülməsi deməkdir. Hazırda ümumilikdə "Petlim" layihəsi üzrə işlərin 80%-i tamamlanıb", - deyə layihə rəhbəri vurğulayıb.

Qeyd edək ki, liman hələ layihə mərhələsində olarkən konteyner terminalı idarəçiliyində dünyanın ən uğurlu və ən böyük qrupu olan "Maersk"in “APM Terminals” şirkəti tərəfindən layihə tamamlandıqdan sonra 28 il müddətində istismar edilməsi üçün müqavilə imzalanıb. Gəlir ortaqlığı razılaşmasına əsasən, "Petkim" də əldə edilən gəlirlərdən pay alacaq. Liman inşaat mərhələsindəykən dünyanın nəhəng investisiya banklarından biri olan “Goldman Sachs International” layihənin dəyərini 1 mlrd. dollar olaraq müəyyənləşdirib və 30%-nə 300 mln. dollar ödəyərək “Petlim”ə ortaq olub. 

Ümumilikdə, 55 hektarlıq sahəyə sahib olan bu liman Egey dənizinin ən böyük konteyner limanı olacaq. Bu limana 11 min ədəddən çox konteyner daşıyan dünyanın ən böyük konteyner gəmiləri yanaşa biləcək. Bunun üçün dənizin dərinliyi 16 metrə çatdırılıb və 700 metr uzunluğunda liman sahil xətti inşa edilib. İlkin götürmə gücü 1,5 mln. konteyner olub, bu göstərici 2,5 mln. konteynerə qədər çıxa biləcək. Limanın 10 mln. ton quru yük götürmə qabiliyyəti olacaq.

Son xəbərlər

Orphus sistemi