Yuxarı

​"Petkim"in rüblük xalis mənfəəti kəskin artıb

Holdinq məhsuldarlıq göstəricisini 93%-ə yüksəldib

Bakı. 22 iyun. REPORT.AZ/ "Petkim Holding"in 2016-cı il I rübündə xalis mənfəəti keçən ilin analoji dövrü ilə müqayisədə 3,4 dəfə artaraq 149 mln. lirəyə (51,3 mln. ABŞ dolları) yüksəlib, gəlirləri isə 1,108 mlrd. lirə (380 mln. dollar) təşkil edib, məhsuldarlıq göstəricisi isə 93%-ə yüksəlib. "Report"un "Finans.Haberler" saytına istinadən verdiyi xəbərə görə, bu barədə "Petkim"in baş müdiri Sadettin Korkut məlumat verib. 

O, 2016-cı ilin "Petkim" üçün xüsusilə önəmli olduğunu, bu ilin sonuna qədər Holdinqin daha əvvəl həyata keçirdiyi 3 investisiya layihəsinin bəhrəsini görəcəyini ifadə edib. "Petkim Konteyner Limanı" (Petlim), "Külək Elektrik Stansiyası" (KES) və "Petkim Specialities"in şirkətinin məhsuldarlığını artıracağını vurğulayan Korkut, 3 il tikintisi davam edən konteyner limanının inşaatın artıq başa çatdığını və keçən ilin dekabrında işə salındığını qeyd edib. Təxminən 400 mln. ABŞ dollarına başa gələn bu investisiya layihəsi ilə "Petkim" Egey dənizi bölgəsində ən böyük konteyner limanına sahib olub, Türkiyənin isə 3-cü ən böyük limanına çevrilib. 

"Petkim"in baş müdiri bildirib ki, limanda idarəedici şirkət personal və təlim işlərini bitirdikdən sonra yaxın zamanlarda gəmi qəbul etməyə də başlayacaq: "Limanın rəsmi açılışını 2016-cı ilin ikinci yarısında Azərbaycan və Türkiyə prezidentlərini iştirakı ilə həyata keçirilməsi gözlənilir".

"Petkim"in enerji hasilatını 20% artırmasına kömək edəcək KES-də artıq montaj mərhələsinə başlanıldığını qeyd edən S.Korkut 51 MVt gücə malik olan bu stansiyanın ilin sonunda istismara veriləcəyini deyib. Layihənin dəyəri 54 mln. avrodur.

"Əsas xammal tədarükçüsü olduğumuz sektorlarda əlavə dəyər yaradan məhsulların istehsalına yardım etmək üçün mühəndislik plastikləri və yeni texnologiya ilə kimyəvi məhsulların istehsalı məqsədilə "Petkim Specialities" şirkətini qurduq. Bu şirkətdə istehsala ilin son rübündə başlanacaq. Daxili bazarda bu şirkət yaxından izlənilir. Çünki 24 min ton istehsal gücünə sahib olan şirkət Türkiyədə əsasən idxal yolu ilə əldə edilən paket, avtomobil, müdafiə, tibb, bilgi texnologiyaları kimi sektorları təmin edən yüksək əlavə dəyərə sahib olan məhsullara üstünlük verəcək", - deyə şirkətin baş müdiri bildirib.

S.Korkutun sözlərinə görə, "Petkim" hər il istehsalın, məhsuldarlığın və enerji effektivliyinin artırılmasına, maya dəyərinin isə azaldılmasına ən azı 100 mln. ABŞ dolları həcmində investisiya yatırır: "2015-ci ildə yatırılan investisiya təxminən 125 mln. dollar olub, 2016-cı il üçün isə 100 mln. dollardan artıq həcmdə proqnozlaşdırılır".

Qeyd edək ki, 1965-ci il aprelin 3-də başda "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti olmaqla təsis edilən "Petkim" fəaliyyətə 1970-ci ildə Kocaelidəki Yarımca Kompleksinə daxil olan 5 zavodun qurulması ilə başlayıb. Daha sonra qurumun digər müəssisələri də işə salınıb. "Petkim"in ən müasir texnologiyalarla təchiz edilmiş və optimal istehsal güclərinə malik ikinci kompleksi 1985-ci ildə İzmirin Əliağa bölgəsində fəaliyyətə başlayıb.

2008-ci il mayın 30-da keçirilmiş hərracda "Petkim Petrokimya Holdinq A.Ş."-nin səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR&Turcas Enerji A.Ş." alyansı tərəfindən əldə edilib. 30 mart 2012-ci ildə isə “SOCAR Turkey Enerji A.Ş” və “SOCAR International DMCC OGG” Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-ni özəlləşdirib. Səhmlərin alınmasından sonra SOCAR-ın “Petkim”dəki payı 61,32%-ə çatıb, qalan 38,68% isə İstanbul Fond Birjasında sərbəst dövriyyədə yerləşdirilib. Daha sonra müəyyən hissələr satılıb və hazırda SOCAR-ın "Petkim"də payı 56,32%-dir.

Hazırda "Petkim"in nəzdində aşağı və yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi fabrikləri fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi