Azərbaycan elektrik enerjisinin istehsalına özəl investisiyalar cəlb edir

Azərbaycan elektrik enerjisinin istehsalına özəl investisiyalar cəlb edir Artıq xarici şirkətlərlə danışıqlar aparılıb və Energetika Nazirliyi tərəfindən hazırlanmış ilkin Texniki Göstəriciləri ehtiva edən sənəd təqdim edilib.
Energetika
20 Oktyabr , 2020 14:40
Azərbaycan elektrik enerjisinin istehsalına özəl investisiyalar cəlb edir

"Elektroenergetika sisteminin səmərəliliyinin artırılmasında özəl sektorun iştirakına nail olmaq həlli vacib məsələlərdəndir".

“Report”un məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc edilən məqalədə bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar ilkin mərhələ kimi kiçik gücə malik bir sıra modul, su və günəş elektrik stansiyalarının nümunəsində elektrik enerjisinin istehsalı sahəsinə özəl investisiyaların cəlb edilməsi istiqamətində təkliflər hazırlanıb və hazırda baxılmaqdadır: “Eyni zamanda, özəl sektor və xarici investisiya hesabına ənənəvi enerji ilə işləyən yeni güclərin yaradılması da əsas prioritetimizdir. Bu məqsədlə 550 MVt-lıq yeni müasir tipli, həmdövrəli qaz-turbin elektrik stansiyasının tikintisi üzrə müvafiq işlər görülür. Stansiyanın özəl investisiya hesabına inşası məqsədilə xarici şirkətlərlə danışıqlar aparılıb və Energetika Nazirliyi tərəfindən hazırlanmış ilkin Texniki Göstəriciləri ehtiva edən sənəd təqdim edilib. Şirkətlərdən artıq Nazirliyə layihə təklifləri daxil olub. Elektrik stansiyasının fəaliyyəti üçün zəruri köməkçi infrastrukturun mövcudluğu baxımından stansiyanın Bakıdan 40 km məsafədə yerləşən “Yaşma” və 120 km uzaqlıqda olan “Şirvan” ərazilərindən birində tikilməsi planlaşdırılır".

Nazir bildirib ki, enerji səmərəliliyi ilə bağlı tədbirlər çərçivəsində hazırlanmış “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi də hazırda baxılmaqdadır: “Qanunun qəbulu müasir enerji səmərəliliyi alətlərinin tətbiqi ilə enerjidən səmərəli istifadə üçün hüquqi mexanizm yaradacaqdır: "Bununla yanaşı, ixtisaslaşmış beynəlxalq təşkilatların dəstəyi ilə “Enerji Effektivliyi üzrə Milli Fəaliyyət Planı” hazırlanıb. Plan energetika sektoru da daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələri və ev təsərrüfatlarında səmərəliliyin təmin edilməsinə yönəlib".

Son xəbərlər

Orphus sistemi