Yuxarı

Pərviz Şahbazov: “Cənub Qaz Dəhlizi”nin icrası yekun mərhələyə daxil olub”

© Report/ Elchin Murad — Azərbaycan energetika naziri Pərviz Şahbazov

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın energetika naziri Pərviz Şahbazov Almaniyada 55-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi mövzusunda keçirilmiş iclasda iştirak edib.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, nazir iclas zamanı çıxışında dünyada təhlükəsizliyin təminatında enerji təhlükəsizliyinin artan rolundan bəhs edib, Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyinə, davamlı inkişafa xidmət enerji siyasəti, neft-qaz layihələrindən danışıb.

O, 7 ölkə və çoxsaylı şirkətlərin iştirakı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi”nin icrasının yekun mərhələyə daxil olduğunu bildirib və layihənin dünyanın enerji xəritəsini yenidən formalaşdıran strateji əhəmiyyətini diqqətə çatdırıb.

P.Şahbazov deyib ki, “Cənub Qaz Dəhlizi” hazırda dünya enerji təhlükəsizliyi sisteminə şaxələnməni mənbə və marşrutun hər biri üzrə təqdim edən ilk real layihədir: “Bu layihə enerji təhlükəsizliyi baxımından həssas region sayılan Cənub Şərqi Avropa bazarına istiqamətlənsə də, gələcəkdə daha çox Avropa ölkələrini əhatə etmək perspektivinə malikdir. Bu isə onu göstərir ki, “Cənub Qaz Dəhlizi”nin inkişafı ilə Avropada enerji təhlükəsizliyi daha geniş miqyasda təmin ediləcək.”

Nazir həmçinin Bakıda fevralın 20-də keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı və bu formatda müzakirələrin enerji təhlükəsizliyinə töhfələri barədə də məlumat verib.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı 1963-cü ildən beynəlxalq müzakirə forumu kimi dünyada təhlükəsizliyə və sabitliyə töhfə verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi