Azərbaycan “Əməkdaşlıq Bəyannaməsi” iştirakçılarının qlobal neft bazarında sabitliyin və balansın bərpasının sürətləndirilməsi ilə bağlı səylərini təqdir edir və bu prosesə öz zəruri dəstəyini verir.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd edilib.
Energetika naziri
Dünya neft bazarının sabitləşdirilməsi məqsədilə ilk dəfə olaraq böyük həcmlərdə öhdəliklər götürmüş Azərbaycan kvotasına uyğun olaraq mayın 1-dən gündəlik neft hasilatını azaldır.
“Azərbaycan xarici və yerli neft istehsalçılarının bu prosesdə bərabər şərtlər çərçivəsində iştirakına nail olaraq, neft sektorunun bütün imkanlarını öhdəliklərinin icrasına yönəldib. May ayının birinci on günlüyündə Azərbaycanın öhdəliyinin icra səviyyəsi 98 faizdir. May-iyun aylarında gündəlik hasilatın 164 min barel azaldılması üçün bütün zəruri tədbirləri görməklə neft bazarına töhfə vermək əsas hədəflərimizdəndir”, deyə nazir bildirib.
2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı may-iyun aylarında həmin səviyyədən 164 min barel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.
Azərbaycanın öhdəlikləri iyul - dekabr aylarında 131 min barel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min bareli, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 620 min bareli keçməməlidir.