Pərviz Şahbazov: “Azərbaycan “Cənub Qaz Dəhlizi” vasitəsilə qitənin qaz təchizatında mühüm rol oynayacaq”

Pərviz Şahbazov: “Azərbaycan “Cənub Qaz Dəhlizi” vasitəsilə qitənin qaz təchizatında mühüm rol oynayacaq” Bakı. 14 sentyabr. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov NATO Parlament Assambleyasının iqtisadiyyat və təhlükəsizlik komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Energetika
14 Sentyabr , 2018 16:42
Pərviz Şahbazov: “Azərbaycan “Cənub Qaz Dəhlizi” vasitəsilə qitənin qaz təchizatında mühüm rol oynayacaq”
0 : 00
0 : 00

Bakı. 14 sentyabr. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov NATO Parlament Assambleyasının iqtisadiyyat və təhlükəsizlik komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. 

Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycanın enerji siyasəti, uzunmüddətli perspektivlər, enerji təhlükəsizliyi və qlobal enerji məkanında cərəyan edən proseslər ətrafında müzakirələr aparılıb.

Transatlantik iqtisadi əlaqələr üzrə alt komitənin sədr müavini Jean-Luc Reitzer qlobal enerji təhlükəsizliyi sistemində Azərbaycanın mövqeyini yüksək qiymətləndirib. Hazırda həyata keçirilən layihələr və bərpa olunan enerji mənbələri ilə bağlı ölkənin gələcək inkişaf kursu ilə maraqlanıb.

P.Şahbazov dünyada ilk dəfə neftin sənaye üsulu ilə çıxarıldığı enerji ölkəsi kimi Azərbaycanın keçdiyi tarixi inkişaf yolundan bəhs edib. Dünyanın enerji məkanına inteqrasiyasında 1994-cü ildən həyata keçirilən neft strategiyası, imzalanan çoxsaylı müqavilələr, Xəzərdə ilk dəfə Azərbaycan vasitəsilə əsası qoyulmuş beynəlxalq əməkdaşlıq və bu əməkdaşlığın bütün tərəflər üçün qarşılıqlı faydaları barədə qonaqlara məlumat verib. Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri ilə şaxələndirilmiş neft infrastrukturuna malik Azərbaycan diversifikasiya siyasətini qaz sahəsində də uğurla davam etdirir. Avropanın xam neftə tələbatının ödənilməsində əhəmiyyətli paya malik Azərbaycan “Cənub Qaz Dəhlizi” vasitəsilə qitənin qaz təchizatında mühüm rol oynayacaq. 

“Cənub Qaz Dəhlizi” Avropaya yeni mənbədən qazın nəqlini, enerji təhlükəsizliyini təmin etməklə bərabər, ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafına davamlı töhfə verəcəkdir. Çünki “Cənub Qaz Dəhlizi” konkret həcmlər, istehsalçı, istehlakçı və tranzit ölklərlə məhdudlaşan kəmər yox, dəhlizdir. Bu isə gələcəkdə daha çox ölkənin mənfəət qazanması üçün imkanlar vəd edir”, - nazir əlavə edib.

Nazir həmçinin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı eyni zamanda bir neçə istiqamətdə görülən işlər və nəzərdə tutulan tədbirlərdən də danışıb.

Söhbət zamanı parlamentarilərin Xəzərin hüquqi statusu ilə bağlı imzalanmış Konvensiyanın enerji sahəsində əməkdaşlığa təsiri, dünya neft bazarında son tendensiyalar və enerji sektoruna dair digər məsələlərlə bağlı sualları cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi