İlk xəbər saat 12:25-də verilib
Bakı. 4 noyabr. REPORT.AZ/ Malayziyanın "Petronas" Milli Neft-Qaz Şrkəti Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) boru kəmərlərinin inşası layihələrində iştirakla bağlı məsələyə baxır.
"Report"un verdiyi xəbərə görə, bunu “Petronas”ın Azərbaycan üzrə direktoru Zeynal Abidin bin Zainuddin deyib: "Hələlik bununla bağlı hər hansı razılaşma yoxdur".
Onun sözlərinə görə, "Petronas" bu layihələrdə iştirakda maraqlıdır: "Təbii, "Petronas"ın iştirakı yaxşı olardı. Bizim hələlik heç bir seçimimiz yoxdur".
Həmçinin o konkret BP və yaxud "Statoil" şirkətlərinin TAP-dakı payının alınması ilə bağlı məsələlərin layihədəki bütün tərəflərlə müzakirə olunacağını bildirib: "Biz harada iştirak edəcəyimizi hələ dəqiq qərar verməmişik. Bu, TAP yaxud TANAP ola bilər. Nə BP, nə də SOCAR-la bu layihələrdə iştirakla bağlı danışıqlar aparmırıq, hələ düşünürük".
Onun sözlərinə görə, şirkət Azərbaycandakı gələcək imkanları nəzərdən keçirir: "Bu yaxınlarda "Statoil"dan səhmləri aldıq və Azərbaycanda olmaqdan şadıq. Azərbaycanda gələcək imkanları nəzərdən keçirmək niyyətindəyik. Əgər vəziyyət münasib olarsa, burada daha da irəli gedəcəyik və bununla bağlı SOCAR-la əməkdaşlıq edirik".
O, həmçinin "Azəri-Çıraq-Günəşli" layihəsində iştirakla bağlı sualın cavabında şirkətin gözləmə mərhələsində olduğunu deyib: "Bildiyim qədər, AÇG hələ heç bir dəvət etməyib, gözləmə mərhələsindəyik".
Xatırladaq ki, "Petronas" şirkəti bu ilin iyulunda Azərbaycanda filial ("Petronas Azerbaijan (Shah Deniz) S.A.R.L.") açıb. Ötən ilin oktyabrında isə Norveçin "Statoil" şirkəti "Şahdəniz" yatağındakı 15,5%-lik payını 2,25 mlrd. dollara "Petronas"a satıb.