Yuxarı

PA: Prezident İlham Əliyev humanist addım ataraq Tarif Şurasına tapşırıq verib

Tapşırığa uyğun olaraq neft məhsullarının qiymətlərinə yenidən baxılaraq tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il yanvarın 12-də keçirilmiş iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli Qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılmış və müvafiq qərar qəbul olunmuşdu.

Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilmişdi.

"Report"un məlumatına görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından AzərTAc-a bildirilib ki, Vergilər Məcəlləsinə son dəyişikliklərdə neft məhsullarının hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə olunmaqla yol vergisinin ödənilməsinin yeni mexanizminin tətbiqi nəzərdə tutulmuşdu. Tarif Şurası dəyişikliyə uyğun olaraq 12 yanvar tarixli iclasında neft məhsullarının mövcud pərakəndə satış qiymətlərinə 2 qəpik yol vergisi əlavə olunmaqla satılması barədə qərar qəbul etmişdi.

Prezident İlham Əliyev humanist addım ataraq neft məhsullarının pərakəndə satış qiymətlərinin vətəndaşların mənafeyi nəzərə alınmaqla tənzimlənməsi barədə Tarif Şurasına tapşırıq verib. Tapşırığa uyğun olaraq 2015-ci il yanvarın 14-də Tarif Şurasının növbədənkənar iclası keçirilib və neft məhsullarının qiymətlərinə yenidən baxılaraq tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.

Qərara əsasən, Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 2015-ci il 12 yanvar tarixli qərarı ləğv edilib. Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti əvvəl olduğu kimi 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən olunub. Həmçinin maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.

Qeyd olunub ki, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bundan sonra avtomobil vasitəsinin istismarına görə yol vergisi hüquqi və fiziki şəxslər tərəfindən deyil, yanacaq istehsal və idxal edən şirkətlərin hesabına ödəniləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi