Bakı. 19 fevral. REPORT.AZ/ Ötən il “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin sifarişi ilə 127 km içməli su xətti, 2,6 km uzunluğunda kanalizasiya xətti çəkilib və ya dəyişdirilib, 5 ədəd subartezian quyusu qazılıb.
“Report” “Azərsu” ASC-yə istinadən bildirib ki, cəbhəyanı bölgədə yerləşən Tovuz rayonunun Əlibəyli kəndində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihə icra edilib. Layihə çərçivəsində subartezian quyusu qazılıb, transformator yarım stansiyası quraşdırılıb, 3,5 km magistral və kənddaxili su xətləri çəkilib, hər birinin tutumu 100 kubmetr olan 2 su anbarı tikilib, 5800 nəfər sakinin içməli su təchizatı yaxşılaşıb.
2014-cü ildə Tərtər şəhərində, həmçinin rayonun Bala Kəngərli kəndində, Füzuli rayonunun Yağlıvənd, Ağcabədi rayonunun Şənlik kəndində də subartezian quyuları qazılıb, magistral və paylayıcı su xətləri çəkilərək istismara verilib.
Bununla yanaşı, Şirvan şəhərinin Yeni Yaşayış massivində 49 kilometr su şəbəkəsi yaradılıb, Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt çəkilib. Hesabat dövründə Balakən, Zaqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində də tikinti-quraşdırma işləri həyata keçirilib. Ötən il kənd və qəsəbələrdə 35 min nəfərin su təminatı yaxşılaşıb.