Yuxarı

Ötən il BTC kəməri ilə 28,8 mln. tondan artıq Azərbaycan nefti nəql olunub

Ötən il ötürülən neftin həcmi  1,1% artıq olub

Bakı. 7 yanvar. REPORT.AZ/ 2015-ci ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 461 645 ton Azərbaycan nefti nəql olunub.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici isə 2014-cü ilin dekabr ayından 0,05% azdır.

Ötən il ərzində bu kəmərlə 28 835 543 ton neft ötürülüb ki, bu da 2014-cü ildən 1,1% artıqdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il) 2016-cı il yanvar ayının 1-ə qədər BTC-yə 292 675 389 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin dekabr ayında BTC kəməri ilə 316 340 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub ki, bu da 2014-cü ilin dekabr ayından 51% azdır.

Ümumiyyətlə, 2015-ci il ərzində BTC kəməri ilə nəql olunmuş Qazaxıstan və Türkmənistan neftinin həcmi 5,2 mln. ton təşkil edib.

Qeyd edək ki, hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

"BTC Co."nun səhmdarları isə BP (30,10%), AzBTC (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "İtochu" (3,40%), "Inpex" (2,50%), CİECO (2,50%) və ONGC (2,36%) şirkətləridir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi