Yuxarı

Optimallaşdırma tədbirləri SOCAR-a əlavə 400 mln. manat qazandıracaq

Buna biznesin optimallaşdırılması, xərclərin azaldılması, istehsalatın düzgün planlaşdırılması, İT-nin tətbiqi və s. tədbirlər hesabına nail olunub

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) optimallaşdırma işləri həyata keçirir. "Report" xəbər verir ki, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib: "Ernst&Young" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində ayrı-ayrı birliklərdə, idarələrdə biznesin optimallaşdırılması, xərclərin aşağı salınması, istehsalatın düzgün planlaşdırılması, informasiya texnologiyalarının tətbiq olunması hesabına kifayət qədər vəsaitə qənaət olunub". 

S.Qasımov qeyd edib ki, ilkin tədbirlər nəticəsində bu il və növbəti iki ildə şirkətin xərclərinin 350-400 mln. manata yaxın aşağı salınması və qənaətin artırılması gözlənilir. 

SOCAR rəsmisi əlavə edib ki, şirkətin 9 idarəsində ümumilikdə 705 tədbir hazırlanıb. Vitse-prezident bildirib ki, optimallaşdırma işləri nəticəsində işçilərin sayı 75 mindən keçən il 52 500 nəfərə düşüb. Onun sözlərinə görə, onların 30%-ə qədərini mühəndis, qulluqçular və rəhbər işçilər, 70%-ni fəhlələr təşkil edir.

"Keçən ilin nəticəsinə görə, SOCAR-da ümumilikdə orta aylıq əməkhaqqı 857 manat civarında olub. Aprel ayının 1-dən inflyasiya və devalvasiyanı nəzərə alaraq, SOCAR işçilərinin əməkhaqqının 10% artırılması ilə bağlı qərar qəbul edilib", - deyə S.Qasımov xatırladıb. 

SOCAR-ın vitse-prezidenti qeyd edib ki, şirkət ötən ili sıfır mənfəətlə başa vurub: "Dünya bazarında neftin qiymətinin aşağı düşməsi və Azərbaycanda manatın devalvasiyası şirkətə 2015-ci ildə 1 mlrd. manatdan çox zərər yetirib. Lakin xarici valyutada olan aktivlərin dəyərinin manat ekvivalentində analoji həcmdə artması SOCAR-ın xalis olaraq ötən ili sıfır mənfəətlə başa vurmasına səbəb olub".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi