Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ildə təşkilatdan kənarda neft hasilatının artımı ilə bağlı proqnozunu gündəlik 0,1 milyon barel azaldıb.
“Report” bu barədə təşkilatın yanvar hesabatına istinadən xəbər verir. Neft hasilatının 2023-cü illə müqayisədə gündəlik 1,3 milyon barel artaraq orta hesabla 70,4 milyon barel olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, OPEC-in ötən ilin dekabr hesabatında 2024-cü ildə təşkilata daxil olmayan ölkələrdə neft hasilatının artımının gündəlik 1,4 milyon barel səviyyəsində olacağı gözlənilirdi.
OPEC hesab edir ki, 2024-cü ildə təşkilatdan kənar neft hasilatının artımının əsas hərəkətverici qüvvəsi ABŞ, Kanada, Qayana, Braziliya, Norveç və Qazaxıstan olacaq. Hesabatda bildirilib ki, hasilatla bağlı ən böyük azalmanın Meksika və Anqolada olacağı proqnozlaşdırılır.
Qeyd edilib ki, 2023-cü ildə OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı əvvəlki illə müqayisədə gündəlik 2,1 milyon barel artaraq sutkada 69,1 milyon barelə çatıb.