OPEC mart ayında gündəlik orta neft hasilatını 0,2 milyon barel artıraraq 25,04 milyona çatdırıb, ancaq təşkilat OPEC+ sazişi üzrə öhdəliklərini növbəti dəfə plandan artıq – bu dəfə 24% daha çox yerinə yetirib.
“Report” xəbər verir ki, bunu OPEC-in aprel hesabatındakı məlumatlardan görmək olar.
Hasilat əsasən OPEC+ sazişi üzrə öhdəliyi olmayan İranda istehsalın artması ilə böyüyüb. Ancaq İran sazişə daxil olmadığından bu ümumi öhdəliklərin əməl olunmasına təsir göstərməyib.
“İkinci dərəcəli mənbələrin məlumatına görə, 13 OPEC ölkəsinin ümumi neft hasilatı 2021-ci ilin mart ayında gündəlik orta hesabla 25,04 milyon barel təşkil edib ki, bu da əvvəlki aya nisbətən gündəlik 0,2 milyon barel çoxdur. Hasilat əsasən İran, Anqola, Liviya və İraqda artıb və əsasən Səudiyyə Ərəbistanında azalıb”, - hesabatda deyilir.
Belə ki, mart ayında İranda neft istehsalı gündəlik 137 min barel artaraq 2,304 milyon barelə çatıb.