Bakı. 5 mart. REPORT.AZ/ Bu gün, ABŞ-ın Hyuston şəhərində keçirilən "CERAWeek" forumu çərçivəsində Neft İxrac Edən Ölkələri Birliyi (OPEC) üzvlərinin neft nazirləri və digər qlobal neft hasilatçısı şirkətlərinin rəhbərləri arasında görüş keçirilir.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə OPEC-in baş katibi Məhəmməd Barkindo və kartelin digər üzvləri ABŞ-ın şist neft hasilatıçılarının top-menecerləri ilə neft bazarındakı izafi ehtiyatların həcmini müzakirə edəcək.
Sinqapurda yerləşən "OANDA" broker şirkətinin analitiki Stiven İnnes (Stephen İnnes) bildirib ki, OPEC və ona üzv olmayan ölkələr, neft hasilatını azaltmaq barədə anlaşmaya yüksək səviyyədə riayət edir: "Rusiya isə anlaşmadan çıxmağın tərəfdarıdır. Belə olarsa, ABŞ-ın şist neft hasilatçıları təzyiqlərlə üzləşək. Bu da neft bazarı üçün müsbət xəbərdir".
Qeyd edək ki, Hyustondakı forumdan gözləntilər "Brent" markalı neftin qiymətinin artaraq 65 dollar/barelə yaxınlaşmasına səbəb olub.