OPEC-in neft hasilatı mayda artım göstərib

OPEC-in neft hasilatı mayda artım göstərib May ayında 2 015 yeni qazma quyusu işə salınıb
Energetika
13 İyun , 2017 15:44
OPEC-in neft hasilatı mayda artım göstərib

Bakı. 13 iyun. REPORT.AZ/ OPEC təşkilatının gündəlik neft hasilatı may ayında 336 min barel və ya 1,04% artaraq 32,14 mln. barelə çatıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə OPEC-in iyun ayı üzrə "Neft bazarı hesabatı"nda qeyd olunub.

Hesabata görə, qlobal neft təklifi mayda aylıq müqayisədə 130 min barel və ya 0,14% artaraq 95,74 mln. barel/gün olub. Ötən ilin analoji dövrü ilə müqayisədə isə neft təklifi gündəlik 1,48 mln. barel və ya 1,57% artım göstərib. Beləliklə, may ayında OPEC-in qlobal neft hasilatında xüsusi çəkisi 33,6% təşkil edib.

Hesabatda həmçinin bildirilir ki, may ayında Liviyada gündəlik hasilat 178 min, Nigeriyada 174 min, İraqda isə 44 min barel artıb. Səudiyyə Ərəbistanında gündəlik hasilat 2 min barel artdığı halda, Anqolada 54 min, Birləşmiş Ərəb Əmirliklərində isə 18 min barel azalıb.

OPEC-in proqnozuna görə, bu il neftə tələbat ötən illə müqayisədə 1,27 mln. barel/gün və ya 1,33% artaraq 96,38 mln. barel/gün təşkil edəcək. Həmçinin, hesabatda qeyd olunub ki, may ayında 2 015 qazma quyusu fəaliyyətə başlayıb və bunlardan 567-si və ya 28,1%-i OPEC ölkələrində qazılıb.

Son xəbərlər

Orphus sistemi