​OPEC hasilat kvotasını artırmağı düşünür

​OPEC hasilat kvotasını artırmağı düşünür Səudiyyə Ərəbistanı istənilən qiymət azalmasında, hasilatı artırmaq niyyətindədir
Energetika
20 Noyabr , 2015 12:39
​OPEC hasilat kvotasını artırmağı düşünür

Bakı. 20 noyabr. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) dekabrın 4-də keçirəcəyi iclasda neft hasilatı kvotasını artıra bilər. "Report" xəbər verir ki, əgər hasilat kvotası artırılarsa, neft qiymətində kəskin enmə müşahidə oluna bilər.

OPEC-in katibi Abdulla əl-Badri noyabrın 10-da keçirilən iclasda kartelin öz bazar payını qoruması üçün mübarizə aparacağını bildirib. Bundan başqa, baş katib OPEC üzvü olmayan ölkələrdən hasilatı azaltmağı xahiş edib. Əl-Badri, həmçinin İranın sanksiyaların qaldırılmasından sonra hasilatı artırmasına kömək edəcəklərini vurğulayıb. 

Kartelin əsas üzv ölkəsi sayılan Səudiyyə Ərəbistanının isə hasilat kvotası ilə əlaqədar mövqeyi fərqlidir. S.Ərəbistanı hesab edir ki, neft hasilatını azaltmaq müştəriləri itirmək demək olacaq və bu fürsətdən rəqiblər faydalana bilər. Qeyd etmək lazımdır ki, keçən il açıqlamalarında Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi bildirib ki, neftin qiyməti 20 dollar/barelə düşsə belə, ölkəsi hasilatı azaltmayacaq: "Bizim payımızı ruslar, amerikanlar və braziliyalılar tuta bilər".

Buna görə də qarşıdakı iclasda S.Ərəbistanının hasilatın artırılması təşəbbüsü ilə çıxış edəcəyi ehtimal olunur. Çünki ölkə ciddi büdcə kəsiri ilə üzləşib və kəsirin örtülməsi üçün hasilatı artırmaq niyyətindədir. "Forbes" jurnalına görə, S.Ərəbistanı xarici borclanmanı artırmağı və cəlb olunacaq vəsaiti neft hasilatının genişləndirilməsinə yönəltməyi planlaşdırır. OPEC-in kvotaları artırması Ər-Riyada neft hasilatını istədiyi səviyyədə həyata keçirməyə imkan verəcək. Nəticədə, neftin qiyməti aşağı enəcək. Bununla da S.Ərəbistanı şist neft istehsal edən rəqib ABŞ şirkətlərini sıradan çıxara biləcək. Artıq OPEC bu istiqamətdə nailiyyətlər əldə edib. Keçən il 1 900-ə yaxın olan neft quyularının sayı 574-ə enib, 20 şirkət iflas edib və gündəlik hasilat 500 min barel azalıb. Rəqiblərin bazar payını əldə edərək S.Ərəbistanı neftin qiyməti ilə deyil, satış həcmi vasitəsilə gəlirini artırmağı planlaşdırır. Amma bu üsulun tətbiqi neftin qiymətinin kəskin enməsi riski yaradır.

Bundan başqa bildirmək lazımdır ki, dekabr ayında OPEC sıralarına gündəlik 0,9 mln. barel neft hasilatı ilə İndoneziya da qoşulacaq. Məhz bu səbəbdən dekabrın 4-də OPEC-in hasilat kvotasının eyni miqdarda artırılması nəzərdə tutulub. Digər tərəfdən analitiklər bildiriblər ki, Kartel hasilatı artırmağı qərara almasa belə, kvotanı keçə bilər. Qeyd edək ki, hazırda təşkilatın kvotası gündəlik 30 mln. barel təşkil edir. Lakin buna baxmayaraq, oktyabr ayında  üzv ölkələrin orta gündəlik neft hasilatı kvotanı 5,5% üstələyib və 31,64 mln. barel olub.

Son xəbərlər

Orphus sistemi