Bakı. 13 iyul. REPORT.AZ/ OPEC+ çərçivəsində 2019-cu ildən müddətsiz əməkdaşlıq barədə sənədin qəbulu imkanına baxılır.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, müddətsiz nəzərdə tutulan müqavilə bütün ölkələr üçün açıq olacaq: “Neft ixrac edən ölkələrin görüşmək, məsləhətləşmələr aparmaq, zəruri hallarda qərar qəbul etmək imkanı olacaq”.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.