Nəqliyyat sektorunda alternativ enerjidən istifadə: Beynəlxalq təcrübə və Azərbaycan

Nəqliyyat sektorunda alternativ enerjidən istifadə: Beynəlxalq təcrübə və Azərbaycan Ənənəvi enerji növlərindən istifadə ətraf mühitin əlavə olaraq istiləşməsinə, çirklənməsinə, atmosferdə oksigenin intensiv sərf olunmasına, zərərli tullantıların artmasına, texnogen fəlakətin baş verməsinə, meşələrin qırılmasına səbəb olan amillərdəndir. Digər tərəfdən, karbohidrogen ehtiyatlarının tükənmək üzrə olması dünyada qiymətli yanacağa qənaət etmək zərurəti yaranıb. Buna görə də dünya ölkələri alternativ enerji mənbələrindən istifadəyə üstünlük verirlər. Bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl sıralarda yer alır.
Energetika
245
11 İyun , 2020 17:44
Nəqliyyat sektorunda alternativ enerjidən istifadə: Beynəlxalq təcrübə və Azərbaycan

Ənənəvi enerji növlərindən istifadə ətraf mühitin əlavə olaraq istiləşməsinə, çirklənməsinə, atmosferdə oksigenin intensiv sərf olunmasına, zərərli tullantıların artmasına, texnogen fəlakətin baş verməsinə, meşələrin qırılmasına səbəb olan amillərdəndir. Digər tərəfdən, karbohidrogen ehtiyatlarının tükənmək üzrə olması dünyada qiymətli yanacağa qənaət etmək zərurəti yaranıb. Buna görə də dünya ölkələri alternativ enerji mənbələrindən istifadəyə üstünlük verirlər. Bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl sıralarda yer alır.

Ənənəvi enerji mənbələrindən istifadənin geniş yayıldığı sektorlardan biri də yol-nəqliyyat infrastrukturunun qurulması və logistika əməliyyatlarıdır. Dəmir yolu və yerüstü nəqliyyatda kütləvi şəkildə ənənəvi enerji növündən istifadənin ekologiyaya vurduğu ziyan danılmazdır. Bu səbəbdən, qloballaşan dünyamızda hibridlə çalışan avtomobil istehsalına daha çox önəm verilir və yol-nəqliyyat sisteminin qurulmasında bərpa olunan enerji mənbələrindən istifadə tətbiq olunur. Bu barədə geniş danışmazdan öncə alternativ enerji istifadəsinin bir neçə üstünlüyünü sadalamaq və Azərbaycanda bu enerji keçidi üçün hansı potensialın olduğunu qeyd etmək istəyirik.

Alternativ və ya bərpa olunan enerji mənbələri dedikdə fasiləsiz fəaliyyət göstərən günəş, külək enerjisi, hidroenerji və başqaları nəzərdə tutulur. Külək enerjisindən istifadəyə görə, Almaniya dünya ölkələri arasında birinci yer tutur. Bu enerji növü digər alternativ enerji mənbələrinə nisbətən maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Bundan əlavə, külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur.

Azərbaycan külək enerjisi qurğularının tətbiqi baxımından əlverişli şəraitə malik ölkələrdən biridir. Xüsusilə, Abşeron yarımadası, Xəzər dənizi sahili zolağı və şimal-qərb hissəsində olan adalar, Azərbaycanın qərbində Gəncə-Daşkəsən zonası və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisi bu baxımdan əlverişli ərazilər hesab olunur.

Günəş enerjisi də dünyada ən əlverişli mənbələrdən biridir və xüsusilə, günəşli ərazilər üçün daha perspektivlidir. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Bu qurğular ekoloji cəhətdən təmiz, istismar müddəti uzun, istismar məsrəfləri isə sıfıra yaxındır.

Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə, elektrik və istilik enerjisinin istehsalını artırmağa imkanlar açır. Günəşli saatların miqdarı il ərzində Azərbaycanda 2 400 3 200 saatdır. Yəni Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir.

Əsas mövzumuz olan, yol-nəqliyyat sektorunda alternativ enerji növlərindən istifadəyə gəlincə, bu barədə dünya praktikasından misal gətirmək yerinə düşər. Artıq ABŞ, Çin, Fransa, Hollandiya, Gürcüstan kimi ölkələr avtomobil və velosiped yollarında günəş panellərinin döşənməsini çoxdan sınaqdan keçiriblər. Məsələn, ABŞ-da günəş panelləri ilə örtülmüş yollar var ki, yaşayış evlərinin, müəssisələrin və avtomobillərin elektrik təminatını ödəmək üçün enerji istehsal edir. Bu panellər enerji istehsal etməklə yanaşı, yolu qızdırmaq və işıqlandırmaq imkanına da malikdir. Panellərin səthi günəş şüasına davamlı şüşə təbəqə ilə örtülür və kobud olduğu üçün yağışlı və qarlı havada avtomobillərin sürüşməsinə maneə olur. Üstəlik, həmin panellərin altında yolun işıqlandırılması üçün LED lampalar quraşdırılıb. Günəş panelləri quraşdırılan yolların üzərində istiqamətləndirici yol nişanlarını da çəkmək mümkündür. Oxşar təcrübəyə Fransada da rast gələ bilərik. Fransada 2016-cı ildən çəkilməyə başlayan günəş panelləri döşənmiş yollar ABŞ-da olduğu kimi LED lampa və fiber internet kimi üstünlüklərə sahib olmasalar da, üzərindən avtomobil keçməsinə son dərəcə davamlı və ABŞ-dakına nisbətən daha az xərc aparan panellərdir. Nəqliyyat sektorunda bərpa edilən enerji mənbələrindən istifadəyə görə Çin də xüsusi fərqlənən ölkələrdəndir. Hollandiyada isə günəş enerjisi istehsal edən velosiped yollarının olması xüsusi diqqətçəkən məqamdır. Hollandiyada çəkilmiş belə yollardan birində gün ərzində 70 kvt/saat enerji istehsal edilir.

Qonşu Türkiyə təcrübəsində də bu istiqamətdə yararlana biləcəyimiz xeyli məqamlar var. Bir neçə ildir ki, Türkiyədə alternativ enerji texnologiyalarına böyük investisiyalar yatırılır. Xüsusən, külək, günəş və bioyanacaq enerjisi texnologiyalarına investisiya yatırımları üstünlük təşkil edir. Türkiyənin böyük şəhərlərində bələdiyyə avtobuslarında bioyanacaq və təbii qazdan əldə edilən enerjinin tətbiq edilməsi ilə yanaşı, elektrikli sistemlərə üstünlük verilərək metro və sürət qatarından daha çox istifadə edilir. Hazırda Türkiyədə bərpa olunan enerji ilə çalışan yerli avtomobillərin istehsalı da prioritet məsələlərdən biridir. Türkiyədə günəş enerjisi ilə çalışan işıqforlardan, şlaqbaumlardan və sayrışan xəbərdarlıq işıqlarından da istifadə edilir. Yollarda quraşdırılan xəbərdarlıq işıqları hərəkət təhlükəsizliyini artırmaq məqsədilə təhlükəli hissələrdə yanıb-sönərək sürücüləri xəbərdar edir.

Dünya ölkələrində alternativ enerjidən təkcə avtomobil yollarında deyil, dəmir yollarında da istifadə olunur. Misal olaraq Macarıstanda günəş panelləri ilə təchiz edilmiş, Kiraliret-Kismaros marşrutu üzrə hərəkət edən ekskursiya qatarını, Hindistanda isə Kalkadan Şimla şəhərinə hərəkət edən sərnişin qatarını göstərmək kifayət edər. Bundan əlavə, xarici ölkələrdə alternativ mənbələrdən istifadə edərək dəmiryol xətlərinin elektrik enerjisi ilə təmin edilməsi də tətbiq edilir. Elektrik enerjisinin verilişi qismən və ya bütövlüklə dəmir yolu xətləri boyunca günəş panellərinin quraşdırılması ilə mümkün olur ki, bu cür təcrübədən də Fransa, Hollandiya, Böyük Britaniya kimi ölkələrdə istifadə edilir.

Azərbaycanda da uzun illərdən bəri alternativ enerji mənbələrindən istifadə edilsə də, belə bir təcrübə hələ ki, məişətimizə və nəqliyyat sektoruna tam siraət etməyib. Bunun səbəbləri sırasında alternativ enerji qurğularının baha olmasını, insanların bu istiqamətdə kifayət qədər məlumatlı olmamasını və başqa amilləri göstərmək olar. Həm də Azərbaycanda elektrik enerjisi Avropa ölkələrinə nisbətdə ucuz olduğu üçün alternativ enerjidən istifadə bir qədər arxa planda qalır. Bununla belə, ölkədə bu sahədə geniş işlər də görülüb. Bu ilin yanvar ayında iki özəl şirkətlə bərpa olunan enerji sektoru üzrə müqavilə bağlanıb. Lakin bizdə bu sahədə edilən investisiya yatırımlarının əksəriyyəti dövlət tərəfindən həyata keçirilib. Azərbaycanda bu sahənin inkişafı və investisiya baxımından özəl sektora cəlbedici olması üçün əsaslı hüquqi bazasının yaradılmasına ehtiyac var. Hazırda ölkədə alternativ enerjidən istifadə ilə bağlı qanun layihəsi hazırlanır.

Son xəbərlər

Orphus sistemi