Neftin qiyməti artmağa başlayıb

Neftin qiyməti artmağa başlayıb Proqnoz: Bu ilin ilk yarısında neftin qiyməti 48-62 dollar/barel diapazonunda dəyişəcək
Energetika
5 Yanvar , 2017 10:21
Neftin qiyməti artmağa başlayıb

Bakı. 5 yanvar. REPORT.AZ/ "Brent" markalı neftin qiyməti dünən, yanvarın 4-də 2% artaraq 56,46 dollar/barelə yüksəlib. "Report" xəbər verir ki, neftin qiymətinin artmasına səbəb ABŞ-da neft ehtiyatlarının gözləniləndən çox düşməsi və OPEC-in dekabrda neft hasilatını azaltması olub.

Belə ki, ABŞ-ın Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) məlumatına görə, 23-30 dekabr həftəsində ABŞ-ın xam neft ehtiyatları 7,4 mln. barel azalma göstərib. Analitiklər isə ehtiyatların 2 mln. barel azalacağını ehtimal edirdilər.

Bununla yanaşı, "Bloomberg" agentliyinin yaydığı statistik məlumata əsasən, OPEC dekabrda neft hasilatını 310 min barel və ya 0,93% azaldaraq 33,1 mln. barel/günə endirib. Qeyd edək ki, bura noyabrın 30-da keçirilən Vyana sammitində təşkilatdan çıxmaq qərarı verən İndoneziyanın hasilatı daxil deyil. Hasilatın azalmasına əsas töhfə Nigeriyadan gəlib. Keçən ay Nigeriya gündəlik neft hasilatının 200 min barel və ya 12,1% azaldaraq 1,45 mln. barel/günə çatdırıb. Səudiyyə Ərəbistanı hasilatı 50 min barel, Venesuela 40 min barel, İran, Küveyt və Anqola isə hər biri 20 min barel azaldıb.

"Report"un analitik qrupu neft qiymətlərinin bu ilin ilk yarısında əsasən sabit qalacağını və 48-62 dollar/barel diapazonunda dəyişəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi