Yuxarı

​Neftin qiyməti 50 dollar/barel həddini keçə bilmir

Proqnoz: Tezliklə WTI markalı neftin qiyməti Brenti üstələyəcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ ABŞ-dan gələn müsbət xəbərlərə baxmayaraq, dünya bazarında neftin qiyməti 50 dollar/barel həddini aşa bilmir. "Report" xəbər verir ki, həftə ərzində ABŞ Energetika Nazirliyi ölkənin neft ehtiyatlarındakı dəyişikliklərı və neft-qaz sektorunda servis şirkəti olan "Baker Hughes"un istismar etdiyi neft quyularının sayını açıqlayıb. Məlumatlara əsasən, benzin ehtiyatları həftə ərzində 1,1 mln. barel və ya 0,5% azalaraq 218,6 mln. barelə enib. Neft hasilatı isə ötən həftə ərzində gündəlik 16 min barel və ya 0,17% azalaraq 9,112 mln. barelə düşüb.

"Baker Hughes" şirkətinin məlumatlarına əsasən, ABŞ-da keçən həftə ərzində işlək neft quyularının sayı 16 ədəd və ya 2,7% azalaraq 578-ə enib. Qeyd edək ki, işlək neft quyularının sayı bir il əvvəl, yəni 2014-cü ilin sonunda 2 000-ə yaxın olub. Buna baxmayaraq, ABŞ-da neft hasilatında il ərzində önəmli azalma qeydə alınmayıb. Buna dünya iqtisadiyyatının, xüsusilə də Çindəki makroiqtisadi problemləri də əlavə olunmağa başlayınca neftin qiyməti kəskin azalıb və hazırda 50 dollar/bareldən aşağı satılır.

Neftin qiymətinin yüksəlməsinə yuxarıdakı iki xəbər də kömək edə bilməyib. Norveçin "Rystad Energy" biznes-konsaltinq şirkəti ABŞ-da gündəlik neft hasilatının 9 mln. bareldən aşağı düşməsini gözləmir. O, həmçinin qeyd edib ki, ABŞ dünyada yeganə neft hasilatçısı deyil. "Bloomberg" agetliyinə istinadən verilən məlumatda deyilib ki, OPEC ölkələri oktyabrda hasilatı artırıblar. Səudiyyə Ərəbistanı gündəlik hasilatı 80 min barel artıraraq 10,38 mln. barelə, Liviya isə 80 min barel artıraraq 430 min barelə yüksəldib.

"Report"un analitik qrupu hesab edir ki, 2016-cı ilin ilk rübünə qədər neftin qiymətində ABŞ-ın WTI markalı neftinin "Brent" markalı nefti üstələməsi gözlənilir. ABŞ-da hasilat azaldıqca WTI markalı neftin qiyməti artacaq, "Brent" istehsalçıları arasında isə hasilat İranın da sanksiyalardan sonra aktivləşməsi səbəbindən azalacaq. Ümumiyyətlə, neft qiymətlərinin 50 dollar/barel həddini uzunmüddətli keçməsi proqnozlaşdırılmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi