Yuxarı

Universitet rektoru: "Rusiya imperiyası dövründə neft sənayesinin əsası Bakıda qoyulub" - MÜSAHİBƏ

Rusiya imperiyasındakı neft sənayesinin əsası Bakıda qoyulub

Moskva. 20 dekabr. REPORT.AZ/ İ.M.Qubkin adına Rusiya Dövlət Universitetində (RDU) Rusiya imperiyası dövründə ilk dəfə Bakıda, Balaxanıdan Qaraşəhərə çəkilən neft kəmərinin istifadəyə verilməsinin 140 illiyinə, habelə görkəmli neftçi alim akademik Azad Mirzəcanzadənin 90 illiyinə həsr edilən “Rusiya – Azərbaycan. Dünya neft sənayesinin inkişafı: hadisələr və şəxslər” adlı beynəlxalq konfrans keçirilib.

“Report”a müsahibəsində RDU-nun rektoru Viktor Martınov Rusiya neft sənayesində Azərbaycanın yeri və töhfəsi, habelə gənclər və təhsil proqramları sahəsində iki ölkə arasındakı əməkdaşlıqdan söhbət açıb.

- Bugünkü konfrans hansı məqsədlə keçirilir?

- Bu konfrans Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrin bundan sonra da inkişafına mühüm töhfədir. Rusiya imperiyası dövründə neft sənayesinin əsasının məhz Bakıda qoyulduğunu unutmamalıyıq. Müasir neft sənayesi eyni vaxtda Bakıda və Amerikada yaranıb. Bakıda neft yataqlarının istismara başlamasından 140 il keçməsinə baxmayaraq, bu sahə həm Azərbaycan, həm də Rusiya üçün bu gün də əsas sahədir.

Sözsüz ki, nefti kəşf edənlər, indiyədək istifadə etdiyimiz texniki avadanlıq və texniologiyaları yaradan mühəndislər haqqında xatirələrin yaddaşlardan, xüsusilə də gənclərin yaddaşından silinməməsi üçün birgə çalışmalıyıq. Elmi və təhsil məktəbləri arasında əməkdaşlığın olması, kadr hazırlığının vahid texniki prinsiplər əsasında aparılmasına səy göstərməliyik. Ölkələr arasında fikir, yeni texnologiyalar mübadiləsini hərtərəfli dəstəkləməli, Azərbaycan və Rusiya neftçilərinin parlaq ənənələri üzərində gənclərimizin birgə tərbiyəsi ilə məşğul olmalıyıq. 

- Bu gün Rusiya ilə Azərbaycan arasında neft sənayesinə dair hansı təhsil poroqramları var?

- Biz Azərbaycan Milli Neft və Qaz İnstitutu ilə, SOCAR nəzdindəki Bakı Ali Neft Məktəbi ilə dostluq edir və çox səmərəli əlaqələr saxlayırıq. Müxtəlif, o cümlədən birgə tədbirlərdə tez-tez görüşürük. Bu il Rusiyada, o cümlədən bizim univesitetdə yaxşı tanınan görkəmli neftçi alim Azad Mirzəcanzadə adına auditoriya açmağı nəzərdə tutmuşuq.

- Surqut şəhərindəki hava limanına Fərman Salmanovun adı veriləcək. Bu barədə fikrinizi bilmək maraqlı olardı.

- Buna hamımız xeyli sevinmişik, gözəl təşəbbüsdür. Hava limanını Fərman Salmanovun adını vermək çox düzgün qərardır, gənclərin tarixi unutmaması, bütün bu yataqları kəşf edən insanları yaddan çıxarmaması üçün böyük əhəmiyyət kəsb edir. Bizim universitetdə də Fərman Salmanovu yaxşı tanıyır, xatirəsini əziz tuturlar, bir vaxt onun adına təqaüd də vardı. Yeni Urenqoy şəhərindəki hava limanına da akademik İvan Qubkinin adı verilib. Bu da bütün neftçilər üçün sevindirici xəbərdir.

İqbal Rüstəmov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi