Yuxarı

​Neft-qaz sektorunda qazma qurğularının sayı 7 illik minimuma enib

Proqnoz: Neftin 50 dollar/barelə qədər bahalaşması gözlənilir

Bakı. 8 aprel. REPORT.AZ/ Dünya üzrə neft-qaz qazma qurğularının sayı rekord sayda azalaraq 2015-ci ilin yekununda aylıq ortalama olaraq 2 337 ədəd təşkil edib ki, bu da 2009-cu ildən etibarən ən minimal göstəricidir. "Report" xəbər verir ki, 2014-cü ildə bu göstərici 3 578 ədəd olub və 1985-ci ildən etibarən ən maksimal hədd təşkil edib. Hesabat "Schlumberger" və "Halliburton"dan sonra dünyanın 3-cü nəhəng neft-qaz xidmət şirkəti - "Baker Hughes" tərəfindən açıqlanıb. Qeyd edək ki, "Baker Hughes" 90-dan çox ölkədə fəaliyyət göstərir və 1944-cü ildən ABŞ-da, 1975-ci ildən isə dünyada neft-qaz qazma qurğuları üzrə hesabatlar hazırlayır.

Hesabata əsasən, bu ilin mart ayında ABŞ-da neft-qaz qazma qurğularının sayı 54 ədəd və ya 10,5% azalaraq 458-ə enib və 1975-ci ildən ən minimal həddə düşüb. Həmin ay dünya üzrə neft-qaz qazma qurğularının sayı 1 551 ədəd olub ki, bu da 1999-cu ilin sentyabrından etibarən ən aşağı göstəricidir. Martda bu göstəricisi fevrala nisbətən 210 ədəd və ya 11,9%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 1 006 ədəd və ya 39,3% azalıb.

"Baker Hughes"in hesabatına görə, neft-qaz qazma qurğuları Avropa, Yaxın Şərq, Latın Amerikası və Afrikada azalıb, Asiya-Sakit Okean bölgəsində isə 1 ədəd artıb və 183-ə çatıb.

"Report"un analitik qrupu hesab edir ki, neft-qaz qazma qurğularının sayının dünya üzrə azalması ilin ikinci yarısında neft bazarında təklifi azaldacaq və artıq neftin qiymətində bu, özünü göstərir: "ABŞ-da bu həftə açıqlanan neft ehtiyatları göstəricisi 4 mln. bareldən çox azalıb və neft qiymətlərinə müsbət təsir edib. Neft qiymətləri son böhrandakı 27,10 dollar/barel səviyyəsindəki minimal həddindən 48% yüksələrək 40 dolları keçib. Qiymətlərin 50 dollar/barelə qədər artması ehtimal edilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi