Neft OPEC+ sazişi ətrafındakı nikbinlik fonunda bahalaşır

Neft OPEC+ sazişi ətrafındakı nikbinlik fonunda bahalaşır “Brent” markalı neft qarışığının aprel fyuçerslərinin qiyməti 58,77 dollar/barelə, WTI markalı neftin mart fyuçerlərinin dəyəri isə 56,05 dollar/barelə çatıb.
Energetika
4 Fevral , 2021 12:14
Neft OPEC+ sazişi ətrafındakı nikbinlik fonunda bahalaşır

Dünya bazarında neftin qiyməti cümə axşamı səhər saatlarında bazar ertəsindən başlayan yüksəliş istiqamətini davam etdirib.

“Report” “Prime”a istinadən xəbər verir ki, Şimal dənizindən hasil olunan “Brent” markalı neft qarışığının aprel fyuçerslərinin qiyməti 0,14% artaraq bir barel üçün 58,77 ABŞ dollarına, WTI markalı neftin mart fyuçerlərinin dəyəri isə 0,65% artaraq bir barel üçün 56,05 ABŞ dollarına çatıb. Həftənin əvvəlindən bəri kotirovkalar 5-7% artaraq keçən ilin fevralındakı göstəricilərə çatıb.

Neft qiymətlərinin artmasına təsir edən əsas müsbət amil OPEC+ sazişi və ölkələrin hasilatı azaltmaq səyləri olaraq qalır. Səudiyyə Ərəbistanı yanvarda fevral-mart aylarında hasilatı gündəlik 1 milyon barel azaldacağını bildirib. Bir sıra digər OPEC+ ölkələri də bu cür azalmalara razı olublar və onların da iştirakı ilə ümumi azalma gündəlik 1,425 milyon barel təşkil edir.

“Çox güman, ilin ilk iki rübündə neftin dinamikası müsbət olacaq və qiymətlərin artması ABŞ və İrandan daha çox neftin bazara qayıtmasına səbəb ola bilər”, - “Bloomberg” agentliyi “DBS Bank Ltd.”nin energetika sahəsi üzrə analitiki Suvo Sarkardan sitat gətirib.

OPEC+ Nazirlərin Monitorinq Komitəsinin çərşənbə günü keçirdiyi iclas nəticəsində saziş ilə bağlı heç bir tövsiyə verilməyib. Bununla belə, davam edən qeyri-müəyyənliyə baxmayaraq, neft bazarının perspektivləri alyans tərəfindən nikbin qiymətləndirilir.

İnvestorlar son həftədə ABŞ-ın neft ehtiyatlarına dair statistikaları qiymətləndirməyə davam edirlər. Energetika Nazirliyinin açıqlamasına görə, ölkədəki ticari neft ehtiyatları (strateji ehtiyat nəzərə alınmadan) son həftə ərzində gözlənilmədən 1 milyon barel azalaraq 475,7 milyon barelə düşüb. Analitiklər isə 0,4 milyonluq artım gözləyirdilər.

Son xəbərlər

Orphus sistemi