Neft OPEC+in qərarları ərəfəsində bahalaşıb

Neft OPEC+in qərarları ərəfəsində bahalaşıb “Brent” 64,62 dollar/barelə, WTI isə 61,76 dollar/barelə çatıb
Energetika
4 Mart , 2021 10:51
Neft OPEC+in qərarları ərəfəsində bahalaşıb

Neftin qiyməti cümə axşamı səhər saatlarında OPEC+ iclasının nəticələrini gözləməklə durmadan artır.

“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:49-a olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” neft qarışığının may fyuçerslərinin qiyməti 0.86% artaraq bir barel üçün 64,62 ABŞ dollarına, WTI-ın aprel fyuçersləri isə 0,78% artaraq bir barel üçün 61,76 ABŞ dollarına çatıb.

İnvestorların diqqət mərkəzində martın 3-4-də keçiriləcək OPEC+ toplantısı durur. Ticarət iştirakçıları koronavirusla bağlı vəziyyətin və yanacağa olan tələbatın yaxşılaşması ilə əlaqədar alyansın aprel ayında hasilatla bağlı verəcəyi qərarları gözləyirlər.

Çərşənbə günü OPEC+ Monitorinq Komitəsinin iclası keçirilib. Komitə neft bazarının təhlilinə əsasən, ənənəvi olaraq bütün alyansa razılaşmanın daha münasib parametrləri ilə bağlı tövsiyələrini verir. Ancaq bu dəfə rəsmi tövsiyə verilməyib.

Kotirovkaların artmasına həmçinin ABŞ-da benzin ehtiyatlarının azalması təsir edib. ABŞ Energetika Nazirliyindən verilən məlumata görə, ölkədə benzin ehtiyatları həftə ərzində 13,6 milyon barel azalıb.

Ticarət iştirakçıları eyni zamanda xarici xəbərlərə də diqqət yetirirlər. “Ənsar Allah” (husilər) hərəkatının yəmənli üsyançıları Səudiyyə Ərəbistanının Ciddə şəhərində “Saudi Aramco” dövlət neft-qaz şirkətinin obyektinə raket hücumu etdiklərini açıqlayıb. Bu, neft tədarükünə zərər verə bilər.

Son xəbərlər

Orphus sistemi