Yuxarı

Neft Emalı Zavodunun katalitik riforminq qurğusu təmirdən sonra istismara verilib

Fevralın əvvəlində başlayan təmir işləri uzadılmış iş rejimində aparılıb

Bakı. 11 fevral. REPORT.AZ/ Heydər Əliyev adına Neft Emalı Zavodunun 3 nömrəli istehsalat sahəsinin katalitik riforminq qurğusu təmirdən sonra istismara buraxılıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, fevral ayının əvvəlində başlayan təmir işləri uzadılmış iş rejimində aparılaraq, qısa müddətdə keyfiyyətlə yerinə yetirilib.

Qurğunun hidrotəmizləmə bölməsinin istidəyişdiricisində olan nasazlığın, platforminq bölməsindəki reaktorun mərkəzi borusunda və səbətlərdə tutulmaların aradan qaldırılması məqsədilə aparılan təmir işlərinə zavodun 13 nömrəli təmir-quraşdırma sahəsinin müxtəlif təyinatlı briqadaları, eləcə də istehsalat sahəsinin texniki heyəti cəlb olunub. Bundan əlavə, qurğunun bir neçə su buxarı xətti təmir edilib, platforminq bölməsindəki sobada torkret-beton işləri yerinə yetirilib, sobanın üst hissəsində metal təbəqələr dəyişdirilib, qurğunun bəzi bölmələrində aparatlar açılıb təmizlənib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi