"Neft Daşları" yatağında yeni platforma istismara verilib

"Neft Daşları" yatağında yeni platforma istismara verilib Platformada qazılacaq quyuların hər birindən sutkada 10 ton neft və 1 000 kubmetr qaz hasil ediləcək
Energetika
29 Mart , 2017 11:20
Neft Daşları yatağında yeni platforma istismara verilib

Bakı. 29 mart. REPORT.AZ/ “Neft Daşları” yatağında 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan yeni 620A saylı stasionar dəniz platforması istismara verilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən “Azneft” İstehsalat Birliyinin sifarişi ilə ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında tikilmiş platformanın ümumi sahəsi 2 520 kv. metrdir. “Dənizin 27 metr dərinliyində yerləşən, istehsalat və yaşayış sahələrindən ibarət platformada tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilib. 6 aralıq seksiyası, 1 helikopter, eləcə də 10 minik və yanalma meydançası tikilib, svay və quyu şaxtaları vurulub, müvafiq boru xətləri çəkilib, obyektdə qülləaltı postament və digər bütün zəruri avadanlıqlar quraşdırılıb. Platforma 7 dayaq bloku üzərində yığılıb, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib”, - deyə məlumatda qeyd olunub. 

Platformada qazılacaq quyuların hər birindən sutkada 10 ton neft və 1 000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.                              

Son xəbərlər

Orphus sistemi