''Neft Daşları” yatağı üçün yeni estakadayanı meydança tikilir

''Neft Daşları” yatağı üçün yeni estakadayanı meydança tikilir Qazılacaq quyulardan ümumilikdə gündəlik 137 ton neft hasil olunacağı gözlənilir
Energetika
10 Aprel , 2017 11:16
''Neft Daşları” yatağı üçün yeni estakadayanı meydança tikilir

Bakı. 10 aprel. REPORT.AZ/ “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Neft Daşları” yatağı üçün yeni 1541A saylı estakadayanı meydançanın tikintisi davam etdirilir.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir.

14 istismar quyusunun qazılması üçün nəzərdə tutulan estakadayanı meydança dənizin 16 metr dərinliyində yerləşdiriləcək. 6 ədəd dayaq bloku üzərində yığılacaq obyekt 2 minik meydançası, 5 yanalma meydançası, 7 aralıq seksiyasından ibarət olacaq. Ümumi sahəsi 2 400 kv. metr təşkil edən meydançanın tikintisi üçün 1616 ton metal sərfi nəzərdə tutulub. Artıq metal konstruksiyaların hazırlanması işləri başa çatdırılıb, quraşdırma işlərinə start verilib. “General Şıxlinski” kran gəmisi vasitəsilə dayaq bloklarının hamısı, eləcə də 4 aralıq seksiyası layihə nöqtəsində quraşdırılıb, blokların bərkidilməsi üçün 18 ədəd svay vurulub. Meydançanın estakada ilə birləşən hissəsində də işlərə başlanılıb. Hazırda işlər təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı bütün müasir tələblərə uyğun şəkildə davam etdirilir. 

Qeyd edək ki, 1541A saylı estakadayanı meydançadan qazılacaq quyulardan ümumilikdə gündəlik 137 ton neft hasil olunacağı gözlənilir.                              

Son xəbərlər

Orphus sistemi