Yuxarı
    Bağlamaq

    "Neft Daşları" NQÇİ son illərin ən yüksək hasilat göstəricisinə nail olub

    İdarə son illər neft-qaz hasilatı və təhvili üzrə qarşıya qoyulmuş tapşırıqları artıqlaması ilə yerinə yetirib

    Bakı. 29 sentyabr. REPORT.AZ/ “Azneft” İstehsalat Birliyinin qabaqcıl müəssisələrindən olan “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi (NQÇİ) son illər neft-qaz hasilatı və təhvili üzrə qarşıya qoyulmuş tapşırıqları artıqlaması ilə yerinə yetirərək cari ilin sentyabr ayından etibarən son illərin ən yüksək hasilat göstəricinə nail olub.

    “Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, NQÇİ-də 2010-cu ildə gündəlik neft hasilatı 2 478 ton, 2011-ci ildə 2 537 ton, 2012-ci ildə 2 539 ton, 2013-cü ildə 2 526 ton, 2014-cü ildə 2 575 ton, 2015-ci ildə isə 2 579 ton təşkil edib. Bu ilin sentyabrın sonundan etibarən sutkalıq neft hasilatı 2 800 tona çatdırılıb. 2010-cu ildə illik neft hasilatı 600 443 ton olduğu halda, 2016-cı ilin 8 ayında bu göstərici 657 721 ton təşkil edib. Hasilatın artmasına təsir etmiş başlıca amillərdən biri quyu fondunun yenilənməsi, davamlı olaraq yeni quyuların qazılaraq istismara verilməsi olub. 

    Belə ki, 2011-ci ildə qazmadan 17 quyu, 2012-ci ildə 9 quyu, 2013-cü ildə 10 quyu, 2014-cü ildə 18 quyu və 2015-ci ildə 18 quyu istismara daxil edilmişdirsə, təkcə bu ilin 8 ayında 14 quyu qazılaraq mədənçilərə təhvil verilib, onlardan 23 009 ton neft alınıb. İdarənin balansındakı quyu fondu üzərində aparılan texniki və geoloji tədbirlər də hasilatın artımına təsir edib, müsbət nəticələr alınıb. İdarədə yeni texnika və texnologiyanın tətbiqinə də geniş yer verilir. Bu ilin 8 ayında 25 quyuda quyudibi zona turşu ilə işlənilib, 60 quyuda tıxac təmizləyən qurğu, 2 quyuda isə Padus-2 parafin kəsici qurğu tətbiq olunub, nəticədə əlavə 1 193 ton neft alınıb. 

    Hazırda NQÇİ-nin istismar quyu fondu 470-dir. Onlardan 442-si fəaliyyətdə olan quyu fonduna, 27-si fəaliyyətsiz fonda daxildir, 1 quyu isə mənimsəmədədir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi