Yuxarı

"Neft Daşları"nda neftçilərin xatirəsi anılıb

Qəzanın nəticələrinin aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlər davam etdirilir

Bakı. 14 yanvar. REPORT.AZ/ Bu gün "Neft Daşları"nda ötən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 nömrəli, ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi anılıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, "Neft Daşları"nda iştirakçılar 1957-ci il noyabrın 21-də baş vermiş faciəli gecədə həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb, buraya çiçəklər düzüblər.

“Günəşli” yatağındakı 10 nömrəli, ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. SOCAR-ın Nəqliyyat İdarəsinin rəis müavini Yusif Hacıyev, “Neft Daşları” NQÇİ-nin rəis müavini Zeynal Abdullayev, NQÇİ-nin Həmkarlar Komitəsinin sədri Hüseyn Əhmədov baş vermiş faciənin bütün xalqın qəlbində dərin iz buraxdığını, hərkəsi dərindən sarsıtdığını söyləyib, neftçilərin ailələrinə dözüm və səbr diləyiblər.

Qeyd olunub ki, baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlər davam etdirilir. Bu hadisələrin neftçilərin əhval-ruhiyyəsinə təsir etdiyini söyləyən natiqlər vurğulayıblar ki, itkin düşən neftçilərin axtarışı, eləcə də “Günəşli”dəki 10 nömrəli özüldə yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi