“Neft Daşları”nda 630 metr uzunluğunda estakada təmir edilib

“Neft Daşları”nda 630 metr uzunluğunda estakada təmir edilib Bakı. 28 noyabr. REPORT.AZ/ “Neft Daşları”nda əməyin təhlükəsizliyi və neftçilərin iş şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə 630 metr uzunluğunda estakada təmir edilib.
Energetika
28 Noyabr , 2017 15:55
“Neft Daşları”nda 630 metr uzunluğunda estakada təmir edilib
Socar.az

Bakı. 28 noyabr. REPORT.AZ/ “Neft Daşları”nda əməyin təhlükəsizliyi və neftçilərin iş şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə 630 metr uzunluğunda estakada təmir edilib.

“Report” bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

“Əməyin təhlükəsizliyinin daha da gücləndirilməsi, neftçilərin iş şəraitinin yaxşılaşdırılması, neft-qaz hasilatının stabitləşdirilməsi və artırılması məqsədi ilə “Azneft” İstehsalat Birliyi tərəfindən istismar olunan qurğuların təmiri daim diqqət mərkəzindədir. Tarixdə ilk dəniz platforması olmaqla yanaşı, bu gün də Azərbaycanın neft-qaz hasilatında böyük rol oynayan “Neft Daşları” yatağında da mühüm təmir-bərpa işləri davam etməkdədir. Belə ki, 617A saylı estakadayanı meydançaya giriş estakadası əsaslı təmir olunub. Estakadayanı meydançada hazırda 9 quyu fəaliyyət göstərir və quyulardan sutkada 45 ton neft hasil edilir. Bundan əlavə, yataqda daha bir estakada təmir edilib, işlər zamanı möhkəmləndirici svaylar vurulub, rigellər, oturacaqlar quraşdırılıb, məhəccər çəpəri çəkilib. Təmirdən sonra yataqdakı meydançalara gediş-gəliş xeyli asanlaşıb, quyuların təhlükəsiz istismarı, hasil olunan neftin, qazın nəqli, avadanlıqların enerji ilə təchizatı daha da yaxşılaşdırılıb”, - deyə məlumatda qeyd edilib.

“Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abbasov bildirib ki, bu gün SOCAR-ın hasilat göstəricilərində dəniz yataqlarının rolu danılmazdır: “Neft Daşları” dünyada dənizdə ilk neft platforması olmasına baxmayaraq, bu gün də hasilat tempini artırmaqda davam edir. Yatağa sanki ikinci həyat verilib. Bu istiqamətdə əzmkar neftçilərimizin əməyini xüsusi vurğulamaq lazımdır. Onların meydançalara gediş-gəlişinin, iş şəraitinin daha da yaxşılaşdırılması üçün estakadaların təmiri hər zaman diqqətdə olan məsələlərdəndir”.

Bu il ərzində SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən “Azneft” İstehsalat Birliyi üzrə ümumilikdə 920 metr uzunluğunda estakada əsaslı təmirdən sonra istismara verilib. Təmir olunan estakadaların hamısı “Neft Daşları” yatağındadır.

Dəniz mədənlərində əməyin mühafizəsinin ümumi gücləndirilməsi üçün SOCAR tərəfindən görülən geniş miqyaslı tədbirlər davam edir: Estakadaların əsaslı təmiri, eyni zamanda neft-qaz meydançalarının istismara yararsız estakadalardan ayrılması kimi geniş miqyaslı təmir-bərpa işləri ilə yanaşı həm də, mütəmadi olaraq, dənizdə çalışan əməkdaşlar üçün beynəlxalq standartlara cavab verən Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə (BOSIET) təlimlər də həyata keçirilir.

Cari ilin ötən dövrü ərzində “Neft Daşları”nda 8 meydança zərurət yarandığı üçün estakadadan ayrılıb, 2 ədəd meydançalararası estakada kəsilərək ləğv edilib. Eyni zamanda N.Nərimanov adına NQÇİ-də də 8 meydança birləşdiyi estakadalardan ayrılıb. Bununla da neftçilərin təhlükəsiz iş rejimi daha da gücləndirilib, hidrotexniki qurğuların istismar müddəti artırılıb.

Qeyd edək ki, son 3 il ərzində ümumi uzunluğu 6459 metr estakada əsaslı təmir edilərək istismara təhvil verilib. Ümumiyyətlə, 2014-2016-cı illərdə 56 obyekt (estakada, özül, estakadayanı meydança və s.) üzrə təmir-bərpa işləri həyata keçirilib, bununla yanaşı, BOSIET üzrə təlimlərdə 2011-ci ildən 36 mindən çox SOCAR əməkdaşı iştirak edib. Gələcəkdə də bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi