Bakı. 25 dekabr. REPORT.AZ/ "Gələn ilin yayınadək OPEC üzvü olan və başqa neft istehsalçısı olan ölkələrdə hasilatın azalması nəticəsində neft bazarı sabitləşəcək".
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu fikri “Rossia24” telekanalına müsahibəsində Rusiyanın energetika naziri Aleksandr Novak dilə gətirib.
“Məncə, dekabr ayında Vyanada OPEC və qeyri-OPEC ölkələri arasındakı sazişlə təsbit olunan birgə addımlar nəticəsində gələn ilin birinci yarısında vəziyyət daha sabit və tarazlı olacaq. Yayda tələbin ənənəvi artımı olacaq, ona görə də fikrimcə, bazar daha tarazlı olacaq”, – nazir qeyd edib.
Xatırladaq ki, dekabrın 5-7-də Vyanada OPEC+ ölkələrinin nazirləri ABŞ-da hasilat artımı və İrana qarşı sanksiyalardakı yumşalma nəticəsində bazarda neft bolluğunun qarşısını almaq üçün 2019-cu ildə hasilatı azaltmağın mümkünlüyü barədə müzakirələr aparmışdılar. Nəticədə OPEC+ formatının iştirakçısı ölkələr arasında gündəlik hasilatı 1,2 milyon barel azaltmaq haqqında razılıq əldə olunmuşdu. Bunun 800 min bareli OPEC üzv ölkələrinin, 400 min bareli də qeyri-OPERC ölkələrinin payına düşür.