Yuxarı

ABŞ-da ehtiyatların kəskin artmasına baxmayaraq neftin qiyməti yüksəlir

Neft qiymətləri yaxın bir il ərzində 40 dollardan aşağı düşməyəcək

Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ-da neft ehtiyatları 6-13 oktyabr hesabat həftəsində 4,9 mln. barel və ya 1% artaraq 474 mln. barelə çatıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu məlumatı  ABŞ-ın Energetika Nazirliyi açıqlayıb. Qeyd edək ki, analitiklər neft ehtiyatlarının 0,65 mln. barel artacağını ehtimal edirdilər. Bununla da ehtiyatlar son 6 həftədə ilk dəfə artım göstərib.

Bu göstərici ilə yanaşı, ABŞ-ın ən iri neft terminalı olan Kuşinqdə neft ehtiyatlarının 1,4 mln. barel və ya 2,2% azaldığı, ABŞ-ın məcmu benzin ehtiyatlarının 1,9 mln. barel və ya 0,8% azalaraq 225,5 mln. barelə endiyi, distillat ehtiyatlarının isə 3,7 mln. barel və ya 2,3% azalaraq 157 mln. barelə kimi gerilədiyi açıqlanıb.

Göstəricinin açıqlanmasından sonra "Brent" markalı neftin qiyməti 2% azalaraq 50,92 dollar/barelə enib. Lakin  tezliklə qiymətlər bərpa olub və 52 dollar/bareli ötüb. Hazırda "Brent"in qiyməti 52,15 dollar/barel təşkil edir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının təşəbbüsü ilə ABŞ-da şist neft hasilatçılarının rəqabət qabiliyyətliliyinin azaldılması üçün neft qiymətlərinin 2014-cü ildə azalması tendensiyası başladılıb. OPEC müəyyən qədər buna nail ola bilsə də, sonradan hasilatçı ölkələr neft qiymətlərinin sərt şəkildə düşməsi səbəbindən maliyyə çətinlikləri ilə üzləşib. S.Ərəbistanının özündə büdcə kəsiri ÜDM-in 14%-nə çatıb.

Hazırda S.Ərəbistanı əks tendensiyanın, yəni neft qiymətlərinin artmasında maraqlı tərəf kimi çıxış edir. Belə ki, bu ölkə yaxın zamanda istiqraz buraxmaqla yanaşı dövlət neft şirkəti - "Saudi Aramco"nun 5%-ni özəlləşdirməyi planlaşdırır.

"Report"un analitik qrupu hesab edir ki, neft qiymətləri yaxın 1 il ərzində 40 dollar/bareldən aşağı enməyəcək. Neft qiymətlərinin bu müddət ərzində 60 dollar/barelə qədər artmaq imkanı mövcuddur. Neft qiymətlərinin çox artmasına əngəl isə ABŞ-da şist neft hasilatçılarının fəaliyyətini bərpa etməsi amilidir. Belə ki, son 19 həftədə ABŞ-da fəal neft qazma quyularının sayı artmağa davam edir. May ayının 25-dən ötən həftəyə qədər bu aktiv quyuların sayı 112 ədəd və ya 35% artaraq 428 ədədə çatıb. Məhz bu səbəbdən neft qiymətlərindəki artım ABŞ-ın hasilatı artırmasına səbəb olacaq. Nəticədə, neft qiymətləri yenidən azalmağa başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi